Zəfər xronikası. 12 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

2020-ci il oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə
verib.

Trend
müsahibəni təqdim edir:

– “Haber Global” yayımına xoş gəldiniz. Son dərəcə
önəmli bir qonağımız var. Bildiyiniz kimi, Azərbaycan Vətən
müharibəsi aparır. Beləliklə, döyüş meydanında Azərbaycan Silahlı
Qüvvələrinin sürətli, amma təmkinli irəliləyişi var. Bir atəşkəs
prosesi, atəşkəsdən dərhal sonra Ermənistanın xüsusilə dünən
törətdiyi hücumlar nəticəsində gərgin diplomatik proseslər,
əməliyyat meydanında və masada hərəkətlilik. Təbii ki, bunları ən
yaxından izləyən şəxs hazırda bu gərginlik arasında bizə vaxt
ayıran Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Xoş gördük,
cənab Prezident.

– Sağ olun.

– İlk olaraq, dünənki hücumla, əməliyyat meydanında və
masadakı son vəziyyətdən başlamaq istərdim. Bir tərəfdən, gərgin
diplomatik fəaliyyət həyata keçirdiyinizi bilirik. İşinizin çox
olduğu bir vaxtda bizə vaxt ayırdığınız üçün Sizə bir daha təşəkkür
edirəm.

Dünən bir çox yerdə bunun qarşılığını gördük, bir hücum, mülki
əhaliyə qarşı bir hücum. Amma xüsusilə xarici mətbuatda tam əksinə
bir yanaşma var, diasporun bir təbliğat müharibəsi var. Əvvəlcə,
mövcud vəziyyətlə bağlı həqiqətlərdən danışa bilərsinizmi?

– Əlbəttə, biz qara təbliğatla uzun illərdir ki,
üzləşirik. Bunun bir neçə səbəbi var, onlardan biri də bəzi
ölkələrdə erməni diaspor təşkilatlarının fəaliyyətidir. Onların
fəaliyyətinin hədəfində Azərbaycan dayanır. Azərbaycanı ləkələmək,
Azərbaycan haqqında yalanlar yaymaq və beləliklə, ölkəmizin imicinə
zərbə vurmaq məqsədləri daim onların gündəliyində olan
məsələlərdir.

Son döyüşlərlə əlaqədar da erməni diaspor təşkilatları və
onların havadarları, dünya erməniliyi Azərbaycana qarşı mətbuat
savaşına başlamışdır. Bunun nəticəsidir ki, bu gün dünya
mətbuatında bir çox hallarda təhrif edilmiş məlumatlar yer alır.
Ona görə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq
üçün bizim böyük səylər göstərməyimiz gərəkdir. Bu baxımdan
Türkiyənin mətbuat nümayəndələrinə xüsusi təşəkkürümü bildirmək
istəyirəm. Çünki demək olar, hər gün gecə-gündüz Türkiyənin aparıcı
televiziya kanalları, digər mətbu orqanları bu münaqişə ilə bağlı
həqiqətləri dünyaya çatdırır.

Atəşkəs rejimi tətbiq olunandan sonra Ermənistan demək olar ki,
dərhal öz çirkin əməllərini davam etdirmişdir. Biz bir müddət ara
vermişdik, çünki biz sözümüzə sadiqik. Bir halda ki, bu atəşkəs
haqqında açıqlama verilmişdir, biz ümid edirdik ki, bundan sonra
Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll ediləcək. Çünki hesab
edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş
meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb,
diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq təəssüf ki,
biz bunu görmədik və saat 12-dən qüvvəyə minməli olan atəşkəs
Ermənistan tərəfindən pozulmuşdur.

Bildiyiniz kimi, ondan sonra gecə saatlarında mülki şəxslərə
qarşı dəhşətli cinayət törədilmişdir. Gəncə şəhəri bombardman
edilmişdir. Şəhər “Toçka-U” raketləri ilə atəşə məruz qalmışdır və
bunun nəticəsində mülki vətəndaşlar həlak olmuş və
yaralanmışlar.

Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür.
Artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamiləri
və islamofob dairələr bu cinayəti gizlədə bilməyəcəklər. Çünki
artıq hər şey göz qabağındadır. Dünən o hadisə yerində təşkil
olunan mətbuat açıqlamaları və bu gün oraya gedən xarici
səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər. Bir
daha görürlər ki, bu münaqişənin səbəbkarı kimdir. Kim təcavüzkar
siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistan
dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı
törədilmiş bu cinayət bunu bir daha göstərdi.

– İndi diqqət yetirdiyiniz bu amil çox əhəmiyyətlidir.
Biz Türkiyənin terrorla mübarizəsində də bir çox istiqamətdə
əməliyyat zonasında fəaliyyət göstərdik. Misal üçün, bizim
şəhərlərimizə də PKK-dan bəzi raket atışları, top atışları olurdu.
Bilirdik ki, bunu terror təşkilatı törədir. Dünən yayımlarımızda da
mən ifadə etdim, insanlığa, vicdana, məntiqə sığmayan bir cavab.
Daha əvvəl Siz xalqa müraciətinizdə də ifadə etmişdiniz, xüsusilə
Rusiyaya edilən telefon zəngləri var, atəşkəs edək deyə. Atəşkəs
əldə olundu, hansı məntiqlə və nə üçün bu hücum törədilir? Bu sualı
necə cavablandırarsınız?

– Burada, ilk növbədə, Ermənistanın terror mahiyyətini nəzərə
almaq lazımdır. Çünki onlar döyüş meydanında məğlub olurlar,
uduzurlar. Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara
imza atır. Hər gün, demək olar ki, ya hansısa bir şəhər, ya kənd
işğaldan azad edilir, yaxud da, bu kəndlərin ərazisi nəzarət altına
alınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi indi
bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq, o yaşayış
məntəqələrinə biz hələ girməmişik, çünki hərbi nöqteyi-nəzərdən
buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti
elanlar edəcəyik. Ona görə bütün cəbhəboyu istiqamətlərdə
Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, öz
acısını, öz məğlubiyyətini mülki şəxslərdən çıxmaq istəyir. Bu,
onların xislətidir. Çünki Xocalı soyqırımını törədənlər məhz
Gəncəyə o hücumu da törətmişlər.

Gəncəyə bu hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi
rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan
tərəfindən verilmişdir. Bizdə dəqiq məlumat var ki, Paşinyan
hazırda çox ağır psixoloji sarsıntılar keçirir. Onun
mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar
verir. Məsələn, Hadrutu yenə işğal altına salmaq üçün onlar bir
neçə dəfə cəhdlər göstərdilər. Mənə bu səhər verilən məlumata görə,
bu gecə Ermənistandan gəlmiş özəl komando qruplarından ibarət olan
böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Halbuki,
strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyük
önəmi yoxdur. Sadəcə olaraq, gedib orada şelfi çəkdirmək, yaxud da
ki, öz əhalisinə bir hesabat vermək üçün. Azərbaycan Ordusu o qrupu
zərərsizləşdirdi və orada bu gecə Ermənistanın verdiyi qurbanlar
sırf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin
qurbanlarıdır.

Bu, onların taktikasıdır. Çünki onlar öyrəşiblər ki, dünya
meydanında onlara daim dəstək veriləcək. Dünya erməniliyi, onların
havadarları, islamofob dairələr, təəssüf ki, dünyada kifayət qədər
güclü mövqelərə malikdirlər. Onlar hər zaman Ermənistanı və onların
bizə qarşı təcavüzkar siyasətini dəstəkləyirdilər, onları müdafiə
edirdilər. Azərbaycan haqqında olmazın yalanlar yayırdılar,
azərbaycanlıları təcavüzkar kimi göstərmək istəyirdilər. Ancaq
bugünkü dünyada, internet dövründə bunu etmək onlar üçün artıq çox
çətindir. Çünki artıq qeyri-ənənəvi mətbuat vasitələri var,
internet var və məlumatın çatdırılması o qədər də çətin məsələ
deyil. Ona görə bu gün onlar informasiya mübarizəsində də əvvəlki
mövqelərə sahib deyillər. Biz isə haqq yolundayıq. Həm beynəlxalq
hüquq baxımından, həm tarixi ədalət baxımından biz haqlıyıq. Biz öz
torpağımızdayıq, öz torpağımızda vuruşuruq. Erməni əsgəri bizim
torpaqlarımızdan çıxarsa, bu münaqişəyə də son qoyulacaq.

– Beynəlxalq ictimaiyyət dediniz, gözlədiyiniz, xüsusilə
bu hücumdan sonra Qərbdə elə də çox səs eşidilmədi. Gözlədiyiniz
etirazı aldınızmı? Dünən cənab Hacıyevin attaşelərlə keçirdiyi
toplantıda da şahid olduğumuz bir məqam var. Üç dəfə dedi ki, bir
sual verin, açıqlayaq, həqiqətləri sizə izah edim. Cavab
gəlmədi.

– Biz çox da gözləmirdik, buna heç ehtiyac da yoxdur. Çünki bu
uzun illər ərzində biz gördük ki, həqiqəti eşitmək istəmirlər,
yaxud da ki, həqiqəti pərdələmək istəyirlər, məlumatları, gerçək
faktları təhrif edirlər. Bunun da səbəbləri kifayət qədər
çoxşaxəlidir. Ona görə, bizim əsas işimiz ondan ibarət idi ki, bu
məsələni həll edək, tarixi ədaləti, öz ərazi bütövlüyümüzü bərpa
edək. Bunu etmək üçün bizdə kifayət qədər güc var.

Əlbəttə ki, ilk günlərdən, ilk saatlardan qardaş Türkiyədən
göstərilən dəstək, mənim qardaşım hörmətli Prezident Rəcəb Tayyib
Ərdoğandan səslənən dəqiq açıqlamalar, eyni zamanda, digər
yüksəksəviyyəli şəxslərin açıqlamaları həm Azərbaycana mənəvi
dəstək verdi, eyni zamanda, bütün dünyaya göstərdi ki, Türkiyə
Azərbaycanın yanındadır. Əgər belə olmasaydı, ola bilərdi ki, artıq
Ermənistan-Azərbaycan arasında olan bu münaqişə daha da geniş
coğrafiyaya sıza bilərdi.

– Dayanıqlı bir atəşkəs gözləyirsinizmi? Daim pozulur,
Moskvadakı 11 saat yarımlıq toplantıdan sonra buna nail olundu.
Dünən biz jurnalistlər burada şahid olduq ki, Bakı böyük səbir
göstərir.

– Bəli, biz səbir göstəririk. Əlbəttə ki, Gəncə belə vəhşi atəşə
məruz qaldıqda bu, hər bir azərbaycanlını hiddətləndirir və adekvat
cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk. Dünən
itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq.
Bizim münasibətimiz belədir: biz heç vaxt mülki şəxslərlə müharibə
aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan
fərqləndirən cəhətlərdən biridir. Ona görə dayanıqlı atəşkəsin
təmin edilməsi üçün ilk növbədə, Ermənistan anlamalıdır ki, artıq
işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya
qayıtmayacaqlar. Bu, onlar üçün tamamilə qeyri-mümkündür. Kim nə
deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu,
olmayacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba
torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz. Bunu nə
qədər tez anlasalar, onlar üçün o qədər də yaxşı olacaq. Çünki
dayanıqlı atəşkəs üçün hər iki tərəfin buna sadiq olması lazımdır.
Biz buna sadiqik. Biz günorta saat 12-dən qüvvəyə minmiş atəşkəsə
riayət etmişdik, amma görəndə ki, Ermənistan bunu pozur, təbii ki,
biz buna səssiz qala bilməzdik. Biz də özümüzü müdafiə etməliyik və
beləliklə, demək olar ki, atəşkəs qüvvəyə mindi, amma real həyatda
baş vermədi.

– Çəkilməklə bağlı siqnal alırsınızmı, ən azından həmin
nöqtədə? Torpaqlarımızdan çəkilməklə bağlı.

– Yox, biz belə bir siqnal almırıq və heç kim də bizə belə bir
siqnal verə bilməz. Bu, beynəlxalq hüquqa və tarixi ədalətə ziddir.
Belə bir siqnal olmamışdır. Siqnallar var ki, dayandırın. Siqnallar
var ki, daha irəli getməyin. Siqnallar var ki, atəşkəs təmin
edilsin. Biz də deyirik ki, yaxşı, atəşkəs təmin edilsin, ancaq
bununla bərabər gərək məsələ sülh yolu ilə həll edilsin.

Moskvada qəbul edilmiş açıqlama, hesab edirəm ki, bizim
maraqlarımıza tam cavab verir. Çünki ilk növbədə orada göstərilir
ki, həlak olanların cəsədlərinin, əsirlərin humanitar əsaslarla
dəyişdirilməsi nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik.
Ancaq Ermənistan buna getmirdi. Bundan başqa çox önəmli siyasi
məqamlar var. Onlardan biri danışıqların, müzakirələrin bərpa
edilməsi, baza prinsipləri əsasında substantiv danışıqların davam
etdirilməsidir. Baza prinsipləri isə bizim maraqlarımıza cavab
verir. Çünki orada işğal edilmiş torpaqlardan erməni silahlı
qüvvələrinin çıxarılması nəzərdə tutulur. Orada göstərilir ki,
birinci mərhələdə beş rayondan, ikinci mərhələdə daha iki rayondan
erməni silahlı qüvvələri çıxarılır. Ondan sonra təbii ki, bütün
məcburi köçkünlər əvvəlki dövrdə yaşadıqları bölgələrə qayıdırlar.
Bu da o deməkdir ki, bizim məcburi köçkünlərimiz Şuşaya da,
Xankəndiyə də qayıdacaqlar və ondan sonra yəni bu məsələnin siyasi
həlli təmin edilə bilər.

Digər məsələ, – Ermənistan buna hər zaman o qədər yaxşı
baxmırdı, – odur ki, müzakirələrin formatı dəyişməz olaraq qalır.
Ermənistan rəhbərliyi və baş nazir Paşinyan hər zaman deyirdi ki,
Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar
aparmalıdır. Biz isə buna etiraz edirdik. Oraya belə bir bəndin
salınması yenə də bizim maraqlarımıza cavab verir.

Ona görə artıq hərbi mərhələdən diplomatik siyasi mərhələyə
keçid üçün bütün imkanlar, bütün zəmin var. Qaldı ki, Ermənistan bu
atəşkəsə əməl etsin. Ümid edirəm ki, Azərbaycanın müzəffər
Ordusunun dünən və bu gecə yeni uğurlu əməliyyatları onları buna
məcbur edəcək.

– Siz sentyabrın 27-dən bəri, bu Vətən müharibəsi
başladığı andan etibarən yeni bir formatdan, Türkiyənin öz
mövqeyini daha fəal qoymasından, bu məsələnin Rusiya və Türkiyə ilə
birlikdə həll oluna biləcəyindən bəhs edirsiniz. Amma Türkiyə
Lavrovun açıqlamasında yox idi. Sanki bundan sonra ATƏT-in Minsk
qrupunda müzakirələrin yenə davam edəcəyinə yönəlik bir açıqlama
etdi. Türkiyə necə, nə şəkildə, nə vaxt masada olacaq? Ya da bu
barədə danışıldımı?

– Əlbəttə ki, bu, bizim mövqeyimizdir. Mən bunu bir neçə dəfə
açıqlamışam. Bir daha demək istəyirəm ki, mütləq Türkiyə bu
məsələnin siyasi yollarla həll olunmasında fəal rol oynamalıdır.
Mən onu da bilirəm, Türkiyənin bəzi mətbuat orqanlarında yazılır
ki, nə üçün Türkiyə Moskvada olmamışdı. Təbii ki, bu, indiki
mərhələdə nəzərdə tutulmurdu. Heç Türkiyə qarşısında da belə bir
vəzifə durmurdu. Bu, danışıqlar prosesi deyil. Bu, sadəcə olaraq,
humanitar əsaslarla tətbiq olunan atəşkəsdir. Yəni, bu,
danışıqların keçirilməsi üçün təşkil edilmiş tədbir deyildi.
Danışıqlar bu günə qədər Minsk qrupu çərçivəsində aparılır. Ancaq
bu danışıqların səmərəsi və heç bir nəticəsi yoxdur. Otuz ilə
yaxındır ki, bir santimetr torpaq bizə müzakirə yolu ilə
qaytarılmadı. Ona görə mən də tam haqlı olaraq dedim, bir halda ki,
Minsk qrupu 1992-ci ildə formalaşdı və o zaman hansı əsaslarla
formalaşdı, bu haqda bizdə heç bir məlumat yoxdur. Əgər Minsk
qrupunun tərkibinə baxsanız görərsiniz ki, orada bu bölgədən
uzaqlarda yerləşən ölkələr, bu bölgə ilə heç bir əlaqəsi olmayan
ölkələr, münaqişə ilə heç vaxt maraqlanmayan ölkələr də var.
Onların orada mövcudluğu formal xarakter daşıyır. Yaxşı, biz əgər
bu münaqişənin həll olunmasını istəyiriksə, – amma biz istəyirik, –
elə ölkələr olmalıdır ki, onların gücü də olsun, təsiri də olsun və
bu tərkib birtərəfli olmasın. İndi Minsk qrupunun həmsədrlərinin
ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər
üç ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara
malikdir. O siyasi imkanlar nəticəsində onlar o ölkələrin vəzifəli
şəxslərinə təsir edirlər. Yəni, bu nə qədər ədalətlidir? Nə üçün
Türkiyə də həmsədr olmasın, onsuz da Minsk qrupunun üzvüdür. Ona
görə bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma
var.

Geosiyasi reallıqlar dəyişib. 1992-ci illə bugünkü vəziyyəti
müqayisə etmək olmaz. Bu gün Türkiyə nəinki bölgədə, dünya
miqyasında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etmək
istəmirlər, bu, onları qıcıqlandırır. Onlar öyrəşiblər, təəssüf ki,
keçən əsrdə bəzi hallarda onların sözü Türkiyə siyasətində çox
böyük dəyər təşkil edirdi. Ancaq bu gün Türkiyə tam müstəqil
siyasət aparır və dünya miqyasında gücə çevrilibdir. Hansı məsələ
bizim bölgəmizdə Türkiyəsiz həll olundu? Baxın, Suriyada, Liviyada,
Orta Şərqdə, bizim bölgədə Türkiyə söz sahibidir və bu, reallıqdır.
Onunla hesablaşmaq lazımdır.

İndi müzakirələr nə zaman başlayacaq, mən bunu deyə bilmərəm.
Çünki Ermənistan bir halda ki, bu atəşkəsi pozur, inanmıram
danışıqlarda da səmimi olsun. Ancaq istənilən halda de-yure, ya da
de-fakto Türkiyə mütləq bu problemin həllində olmalıdır və onsuz da
var. Çünki bu gün sirr deyil ki, biz Türkiyə ilə müntəzəm olaraq
məsləhətləşmələr aparırıq. Bu proseslər başlayandan – 27 iyuldan bu
günə qədər biz daim əlaqədəyik. Türkiyənin yüksək səviyyəli
vəzifəliləri bir çox ölkələrin dövlət və hökumət başçıları ilə sıx
təmasdadırlar. Ona görə bu, artıq reallıqdır. Sadəcə olaraq, biz
de-fakto reallığı de-yure reallığa çevirməliyik.

– İndi “Nə üçün o həmsədrlik sistemində Türkiyə olmasın,
olmalıdır” ifadəsini işlətdiniz. Bunu bir qədər də aydınlaşdırmaq
üçün soruşacağam, amma Sizə istinad edərək. Ötən gün xalqa
müraciətinizdə eynilə bu ifadələri işlətdiniz – biz artıq
status-kvonu dəyişdirdik, təmas xətti deyə bir şey yoxdur, təmas
xəttini yardıq. Yeni müzakirədə həm Türkiyənin iştirakı, həm də bu
dediyiniz sözlər barədə bir qədər ətraflı bəhs etsək, tam olaraq
nəyi nəzərdə tutursunuz? Bundan sonra Bakı tərəfindən necə bir
status-kvo qurulacaq?

-Bilirsiniz, biz status-kvo ilə əlaqədar uzun illər çox böyük
səy göstərdik ki, həmsədrlərdən bununla bağlı bir açıqlama gəlsin.
Nəhayət, təqribən 7-8 il bundan əvvəl Amerika, Rusiya və Fransa
prezidentləri səviyyəsində bir neçə dəfə belə bir açıqlama verildi
– status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Biz də bunu
alqışladıq. Mən də bir neçə dəfə bununla bağlı açıqlama verdim ki,
bu, çox müsbət bir yanaşmadır. Yəni, bu, nə deməkdir, o deməkdir
ki, erməni silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır.
Status-kvonun dəyişdirilməsini Ermənistan etməlidir. Çünki biz
Ermənistan torpaqlarını işğal etməmişik. Biz status-kvonu necə
dəyişdirə bilərik? Bu Ermənistan tərəfinə, bir mesaj, bir siqnal
idi. Ancaq təəssüf ki, bu açıqlama və açıqlamalar, – bir neçə dəfə
belə açıqlamalar verildi, – havada qaldı. Ondan sonra biz nə
eşitməyə başladıq? Son dönəmdə artıq həmin həmsədrlər bu ifadədən
geriyə addım atdılar. İndi nə deyirlər? İndi deyirlər ki,
status-kvo dayanıqlı deyil. Amma bu, böyük bir fərqdir. Status-kvo
dəyişməlidir, yəni ki, Ermənistan, sən torpaqlardan çıxmalısan.
Status-kvo dayanıqlı deyil, yəni sabit deyil o deməkdir ki, sadəcə
olaraq, onlar bunu fakt kimi göstərirlər. Ona görə belə olan halda,
status-kvonu Azərbaycan özü dəyişdirdi, döyüş meydanında
dəyişdirdi. Artıq status-kvo yoxdur. Artıq Ağdərə, Füzuli,
Cəbrayıl, Hadrut rayonlarının yaşayış məntəqələri və kəndlər azad
edildi. Hansı status-kvodan söhbət gedə bilər? Söhbət gedə bilməz.
Təmas xətti? Təmas xətti yoxdur. Aydın məsələdir ki, mövcud olan
təmas xətti çox böyük hərbi biliklər əsasında yaradılmışdır.
Ermənistanın o zaman heç bir hərbi bilikləri yox idi. Bunu biz açıq
etiraf etməliyik. Yəni, Ermənistanın nüfuzunun az olması onlar üçün
çox ciddi bir problem yaradır. Onlar üçün təmas xətti çox qısa
olmalı idi, düz olmalı idi. Onu da etdilər. Onların buna ağlı
çatmazdı. Onlara məsləhət verənlər bunu etdilər. Əgər o əvvəlki
təmas xəttinə baxsanız, bu üfüqi-şaquli formadadır. Belə, düz.
Yəni, onu müdafiə etmək çox asandır. Onların mövqeləri əsasən
təpələrdə idi. Onlara müdaxilə etmək, yəni, istehkamları yarmaq çox
çətin bir iş idi. İndi bu təmas xətti yoxdur. Biz onu bir neçə
yerdən – şimaldan, cənubdan, ondan sonra şərqdən yardıq. Artıq
hansı təmas xəttindən söhbət gedə bilər? Yoxdur! Azərbaycan
Ordusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yeni
mövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, yaxud
da ki, şəhər olsun. Təpə olsun, dağ olsun – o, kənddən, şəhərdən
daha önəmlidir. Şəhərlərə biz onsuz da qayıdacağıq. Bizim üçün əsas
məsələ strateji yüksəklikləri almaqdır. İndi Hadrutun bütün ətrafı
bizim nəzarətimizdədir. Şəhərdə də biz varıq. Amma şəhərə
girək-girməyək o başqa məsələdir. Bizim qarşımızda indi belə bir
siyasi vəzifə yoxdur ki, mütləq bu gün oranı elan edək, sabah oranı
elan edək. Yoxdur. Bəzi hallarda biz kəndləri, şəhərləri azad
edirik, bir gün, iki son sonra açıqlama veririk. Bunun da taktikası
var.

Bir daha deyirəm, status-kvo yoxdur, təmas xətti yoxdur.
Ermənilərin öz orduları haqqında uzun illər uydurduğu yenilməz ordu
əfsanəsi yoxdur. Biz göstərdik kim kimdir. Ona görə bu reallıqlarla
gərək həm Ermənistan hesablaşsın, onların havadarları hesablaşsın,
bütün dünya hesablaşsın. Bizə dur deyənlər bilməlidirlər ki, yaxşı,
biz dura bilərik, biz də istəmirik ki, qan tökülsün. Amma ondan
sonra gərək siyasi proses başlasın. Siyasi proses başlamasa, biz
durmayacağıq. Mən demişəm, biz sona qədər gedəcəyik, sona qədər.
Amma necə? Hərbi yolla, yaxud da ki, siyasi yolla, o, başqa
məsələdir. Biz istəyirik ki, hərbi mərhələ dursun, qan tökülməsin,
şəhidlər olmasın və sülh yolu ilə öz torpaqlarımızı azad edək.

– İşin siyasi və hərbi tərəfi bir tərəfə. Bu gün biz,
daha doğrusu, Bakıya gəldiyimiz andan etibarən oranı tərk etmək
məcburiyyətində qalmış insanlarla görüşdük, aralarında xocalılılar,
cəbrayıllılar var idi. Azərbaycan dövlətinin, Sizin köməyinizlə
tikilən qəsəbələrə getdik. Hər kəsin üzündə bu ifadə var idi: Sizə,
dövlətə böyük minnətdarlıq hissi duyurlar. “Biz burada heç bir şeyə
ehtiyacımız olmadan yaşayırıq, lakin biz öz torpaqlarımıza dönmək
istəyirik” deyirlər. Xüsusilə cəbrayıllılar, “İşğaldan azad edilən
torpaqlarda nə edəcəksiniz?” sualına, “Təki bir damımız olsun,
kifayətdir” deyirlər. Bəs, Siz nə edəcəksiniz o insanlar üçün? O
torpaqlarda yeni inşaat işləri aparılacaq?

– Biz orada nəinki damlar, biz orada şəhərlər quracağıq, biz
oraya həyatı qaytaracağıq. Biz bütün dağılmış yerləri bərpa
edəcəyik. Ora indi bizim ordumuzun nəzarətindədir. Artıq işğaldan
azad edilmiş torpaqların bəzilərinə bizim mətbuat nümayəndələri də
gedirlər. Bəzilərində isə hərbçilər özləri videoya çəkirlər,
görürlər ki, orada bir dənə də salamat bina yoxdur. Yəni, bu,
faşistlərin əməlləridir. Dünya bunu görməlidir və görəcək. Görün,
indi Ağdam, Füzuli nə gündədir?! Bizim bütün kəndləri dağıdıblar.
Elə ediblər ki, azərbaycanlılar daha heç zaman oraya qayıtmasınlar,
qayıda bilməsinlər. Amma Azərbaycan xalqının iradəsini bilmirlər.
Biz Cocuq Mərcanlını təqribən 8 aya qurduq. O kənd ki, biz 2016-cı
ildə işğaldan azad etdik, 6-7-8 aya artıq oranı biz inşa etdik və
indi orada insanlar yaşayırlar, qazı da, suyu da, elektriki də,
məscidi də, xəstəxanası da, məktəbi də, evlər də var, hər şey var.
Bir də ki, kənd təsərrüfatı üçün onlara avadanlıq vermişik və indi
o kənd dirçəlib. Bütün o torpaqları biz cənnətə çevirməliyik. Onsuz
da oranın mənzərəsi cənnətdir və uzun illər erməni tapdağının
altında olmasına baxmayaraq, o torpaq canlanacaq, oraya həyat
qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü
qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə
yaşayacaqlar.

Bizim məcburi köçkünlərimiz bilirlər ki, mənim üçün, Prezident
üçün onların problemi bir nömrəli problemdir. Siz də bilirsiniz ki,
biz onlar üçün nə qədər böyük yardımlar edirik. Bu il biz 7 min
ailəyə yeni mənzillər veririk. Təqribən 35 min insan bir il ərzində
dövlət tərəfindən pulsuz mənzil alır. Hər ay dövlət onların hər
birinə müavinət verir. Ona görə, təbii ki, onlar dövlətin
qayğısından razıdırlar. Mənim onlarla keçirdiyim görüşlərdə onlar
hər zaman təşəkkürlərini bildirirlər və deyirlər ki, burada hər şey
yaxşıdır, biz bu yeni evlərdə yaşayırıq, belə şəraiti görməmişik,
amma bizi ora qaytarın, biz oraya getmək istəyirik və
gedəcəklər.

Ona görə biz indi artıq o bölgələrin inkişaf planları üzərində
işləməliyik, müvafiq göstərişlər artıq verilibdir. Planlama
hazırlanacaq ki, o bölgələrə Azərbaycan əhalisi qayıtsın və
maksimum qısa müddət ərzində artıq onlar oraya yerləşsinlər.

– Cənab Prezident, bu qədər sıx qrafikinizin, diplomatik
gərginliyin arasında bizə vaxt ayırdığınız üçün Sizə çox təşəkkür
edirik.