Tbilisidə əslən Gürcüstandan olan görkəmli azərbaycanlı hərbçi Vəli bəy Yadigarovun həyat və fəaliyyətinə həsr olunmuş “Polkovnik” sənədli filminin təqdimatı keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyi və “Salnamə” sənədli filmlər studiyasının birgə təşkilatçılığı, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə baş tutub.
Təqdimatda Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, ictimai-siyasi xadim, Azərbaycanın sabiq baş naziri və xarici işlər naziri Həsən Həsənov, eləcə də Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri və ziyalılar iştirak edirlər.
Dövlət sifarişi ilə çəkilən ekran əsəri Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Polşa ordularında xidmət etmiş, hər üç ölkədə yüksək hərbi rütbələr qazanaraq orden və medallarla təltif olunmuş polkovnik Vəli bəy Yadigarovun həyat yolundan bəhs edir.
Filmin rejissoru Tahir Əliyev, ideya müəllifi Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacıələsgərli, prodüseri isə Nazim Hüseynovdur.
Çəkilişlər Azərbaycan, Gürcüstan və Polşada aparılıb. Film təkcə Vəli bəy Yadigarovun şəxsi qəhrəmanlığını deyil, həm də Azərbaycan hərb tarixində və Qafqaz regionunun hərbi-siyasi proseslərində onun mühüm rolunu tamaşaçılara təqdim edir.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

