
Bakı. Trend:
Urbanizasiya və rəqəmsallaşdırma Azərbaycanın su ehtiyatları
üçün yeni çağırışlara çevrilir.
Trend xəbər verir
ki, bu barədə Asiya İnkişaf Bankının Azərbaycandakı
nümayəndəliyinin direktoru Sunniya Durrani-Camal Bakı İqlim
Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı danışıb.
O vurğulayıb ki, kənd təsərrüfatı ilə yanaşı, ölkənin su
ehtiyatlarına urbanizasiya və rəqəmsal texnologiyaların artımı da
təsir göstərir.
Durrani-Camalın sözlərinə görə, su birbaşa ərzaq
təhlükəsizliyinə və enerji təchizatına təsir edir, ələlxüsus da
hidroenergetikası inkişaf etmiş ölkələrdə. Bununla belə, onun
fikrincə, digər mühüm məqamlar da var:
“Mən su ehtiyatlarına əlavə təzyiq göstərən iki amili qeyd etmək
istəyirəm – urbanizasiya və rəqəmsallaşma.”
AİB direktoru bildirib ki, Azərbaycanın əhalisinin nisbətən az
olmasına baxmayaraq, sürətlə böyüyən şəhərlər, xüsusilə Bakı, su
ehtiyatlarına ciddi yük yaradır. Rəqəmsallaşmaya gəlincə, süni
intellekt və böyük verilənlərin istifadəsi serverlərin və
avadanlıqların soyudulması üçün böyük həcmdə su tələb edir.

