- 30 sentyabr, 2025
- 13:33
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Lənkəranda “Dövlət-din münasibətləri və müasir çağırışlar” mövzusunda regional konfrans öz işinə başlayıb.
Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, Azərbaycan dövləti tarixən milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verib: “Bu gün də möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələri inkişaf etdirilir, müxtəlif dinlərin nümayəndələri üçün bərabər şərait yaradılır. Bu, həm dövlət siyasətinin əsas prioritetlərindən biridir, həm də cəmiyyətimizin sosial sabitliyinin və birliyinin mühüm dayağıdır”.
Lənkərandakı dini durum barədə də danışan Taleh Qaraşov qeyd edib ki, bölgə öz zəngin tarixi və dini irsi ilə seçilir: “Burada yaşayan insanlar əsrlər boyu milli-mənəvi dəyərlərə sadiqlik göstərib, dini ənənələrini qoruyub saxlayıblar. Dövlətimizin qayğısı nəticəsində bu gün də bölgəmizdə dini ibadət yerlərinin bərpası, yenilərinin tikilməsi, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində mühüm işlər görülür”.
Dövlət Komitəsinin sədri Ramin Məmmədov vurğulayıb ki, müasir dövr dövlət-din münasibətlərinə tamamilə yeni çağırışlar gətirir: “İnformasiya mübadiləsinin kəskin şəkildə sürətlənməsi və rəqəmsal platformaların gündəlik həyata daxil olması insanların düşüncə tərzinə, dünyagörüşünə, eləcə də dini və milli-mənəvi dəyərlərə baxışına təsir göstərir. Bu yeni reallıqlar fonunda əsas hədəf minilliklərdən süzülüb gələn milli kimliyi və dini irsi qorumaqdır. Komitə sədri bildirib ki, Azərbaycan nadir ölkələrdəndir ki, qlobal proseslərlə ayaqlaşaraq öz milli kimliyini qorumağın ən yaxşı modellərindən birini yaratmağa müvəffəq olub”.
Ramin Məmmədov həmçinin, dini maarifləndirmənin həm ənənəvi, həm də rəqəmsal platformalarda gücləndirilməsinin, müasir çağırışlara uyğun yeni dini maarifçilik strategiyalarının formalaşdırılmasının önəminə toxunub. Bu istiqamətdə ziyalıların, din xadimlərinin, mütəxəssislərin və bütövlükdə cəmiyyətin hər bir üzvünün birgə səylər göstərməsinin zəruriliyini qeyd edib.
Regional konfrans işini panel iclasları ilə davam etdirir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

