Türkiyənin Kosmik Agentliyinin İdarə Heyətinin sədri: “Ayda qalıcı olaraq fəaliyyət göstərmək istəyirik”

DIN


“Türkiyə artıq qarşıdakı illərdə yeni hədəflərə köklənir. Biz Ayda qalıcı olaraq fəaliyyət göstərmək istəyirik”.

Bu barədə resmixeber.az-a açıqlamasında Türkiyənin Kosmik Agentliyinin İdarə Heyətinin sədri Serdar Hüseyn Yıldırım deyib.

S.H.Yıldırım bildirib ki, Türkiyənin kosmik tədqiqatlarda iştirakı üçün bir sıra dövlətlər və təşkilatlar müraciət edirlər:

“Bu istiqamətdə müraciətlər və dəvətlər həddən artıq çoxdur. Seçim etmək bizə çox çətindir. Amma biz hələ seçim etməmişik. Çünki Ayda davamlı qalaraq fəaliyyət göstərmək istəyirik. Bu isə böyük layihə olacaq. Bilirsiniz ki, Ayda insanların yaşadığı kosmik baza qurulacaq. Təxminən 10 il sonra artıq biz buna şahid olacağıq.

Bu baxımdan bizə uyğun olan ən uğurlu layihəni dəyərləndirməyi düşünürük”.

Biznes sektorunun kosmik layihələrə daha çox cəlb edilməsi üçün davamlı addımlar atılmasının vacib olduğunu qeyd edən S.H.Yıldırım indiki dövrü Yeni Kosmos Dövrü adlandırıb:

“Bu dövrdə dövlətlər yavaş-yavaş geri çəkilir, özəl sektor daha önə çıxır. Biz bunu ABŞ təcrübəsində görürük. Kosmosa buraxılışların əksəriyyətini özəl şirkətlər həyata keçirirlər. Təbii ki, orada inkişaf etmiş infrastruktur var. Biz hələ o mərhələdə deyilik. Türkiyənin Milli Kosmik Proqramında əsas hədəflərdən biri də məhz kosmik ekosistemi inkişaf etdirməkdən ibarətdir. Yəni biz biznes tərəfdaşlarımızı gücləndirərək, onların investisiyalarının artırılması üçün təşviqatı gücləndirməliyik.

Bəzi ölkələrin öz imkanları şirkətləri dəstəkləmək üçün çatmır. Ona görə də bu məsələyə mütləq qlobal baxmaq lazımdır. Yəni biz hansısa məhsulu istehsal etsək, bunu dünyaya satmağı bacarmalıyıq. Sadəcə, Türkiyə və Azərbaycanın daxilində sataraq fəaliyyətimizi davam etdirə bilmərik. Bunu bildiyimiz üçün infrastrukturu elə qurmalıyıq ki, bazara çıxacaq şirkət rəqabətə tab gətirsin”.

S.H.Yıldırım bu baxımdan startapların da mühüm əhəmiyyət kəsb etdiyini deyir:

“Türkiyə hökuməti bu mövzuda da bizi dəstəkləyir. Artıq bir neçə startapımız var ki, onlar kosmik fəaliyyətlər həyata keçirirlər. Getdikcə belə bizneslərin sayı daha da artacaq. Kosmik fəaliyyətlər sürətlə inkişaf edir və dünya artıq bizdən qabaqdadır. Hesab edirəm ki, biz daha sürətli olmalıyıq ki, onlara çataq”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir