“Siemens Energy” Azərbaycanın bərpa olunan enerji potensialının inkişafında əməkdaşlığa hazırdır (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın bərpa olunan enerji, xüsusilə dənizüstü külək
enerjisi sahəsində böyük potensialı var və “Siemens Energy” bu
istiqamətdə ölkə ilə əməkdaşlıqda maraqlıdır.

Bunu “Siemens Energy” şirkətinin Avropa üzrə baş
vitse-prezidenti və rəhbəri Frederik Doye çərşənbə axşamı Bakıda
keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar
Konfransı çərçivəsində Trend-ə açıqlamasında deyib

O bildirib ki, region ümumilikdə dənizüstü külək və digər bərpa
olunan enerji mənbələrinin inkişafı baxımından böyük potensiala
malikdir.

“Regionda, xüsusilə dənizüstü külək və bərpa olunan enerji
sahəsində böyük potensial görürük. Əlbəttə, regionda layihələr
reallaşacağı təqdirdə bu prosesdə iştirak etməkdən məmnun olarıq”,
– deyə F.Doye bildirib.

Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi ölkəyə Şərqlə
Qərbi birləşdirən mühüm enerji bağlantısı rolunu oynamaq imkanı
verir.

“Azərbaycan çox əlverişli coğrafi mövqedə yerləşir. Ölkə Şərqlə
Qərbi birləşdirə bilər. Yaşıl enerji dəhlizi ilə bağlı həyata
keçirilən təşəbbüsləri nəzərə alsaq, həm külək enerjisi, həm də
ümumilikdə bərpa olunan enerji sahəsində çox böyük potensial var. “Siemens Energy” olaraq bu prosesə töhfə verməkdən məmnunuq”, –
deyə o qeyd edib.




F.Doye Azərbaycanın yalnız enerji istehsalçısı kimi deyil, həm
də Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər regionları
arasında enerji bağlantısının formalaşdırılmasında mühüm rol oynaya
biləcəyini vurğulayıb.

O qeyd edib ki, yaşıl enerji dəhlizlərinin inkişafı Azərbaycanın
bərpa olunan enerji potensialının regional və Avropa enerji
bazarları ilə əlaqələndirilməsi baxımından mühüm imkanlar
yaradır.

“Siemens Energy” rəhbərinin sözlərinə görə, şirkət Azərbaycanın
enerji transformasiyasını və yaşıl enerji hədəflərini dəstəkləməyə
hazırdır.

“Siemens Energy” olaraq Azərbaycanın enerji potensialının
inkişafına, bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə
və yaşıl enerji dəhlizlərinin yaradılmasına töhfə vermək istəyirik.
Bu istiqamətdə texnologiyalarımızı, təcrübəmizi və ekspertizamızı
təqdim etməyə hazırıq”, – deyə F.Doye bildirib.

O, şirkətin bu istiqamətdə konkret əməkdaşlıq planlarının
olduğunu, lakin həmin planların hələlik ictimaiyyət üçün
açıqlanmadığını da bildirib.

“Bir çox planlarımız var, lakin hələlik onları ictimaiyyətə
açıqlamırıq”, – deyə F.Doye əlavə edib.