Almaniya-Azərbaycan tərəfdaşlığında “yaşıl enerji” əməkdaşlığının genişləndirilməsi vacibdir – “Siemens Energy”

Baş səhifə

Bakı. Trend:

Almaniya və Azərbaycan arasında tərəfdaşlığın yeni mərhələyə
keçirilməsi və əməkdaşlığın bərpa olunan enerji sahəsində
genişləndirilməsi vacibdir.

Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, bunu “Siemens Energy”
şirkətinin Avropa üzrə baş vitse-prezidenti və rəhbəri Frederik
Doye çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji
Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.

O bildirib ki, hazırda Almaniya ilə Azərbaycan arasındakı enerji
əməkdaşlığı əsasən yanacaq ixracı üzərində cəmlənib.

“Almaniya və Azərbaycan arasındakı tərəfdaşlığı yeni səviyyəyə
qaldırmağın vaxtı çatıb. Hazırda bu əməkdaşlıq daha çox Almaniyaya
yanacaq ixracı üzərində cəmlənib və bu, təbii ki, vacib amildir.
Lakin biz artıq elektrik dövrünə qədəm qoyuruq. Elektrik
enerjisinin əhəmiyyəti günbəgün artır və bu müstəvidə bərpa olunan
enerji mənbələri də həlledici rol oynamağa başlayır”, – deyə F.Doye
qeyd edib.

Onun sözlərinə görə, həm dənizdə, həm də quruda külək və günəş
enerjisi sahəsində Azərbaycanda və bütövlükdə regionda böyük
potensial mövcuddur.

“İstər dənizdə, istərsə də quruda külək və günəş enerjisi
sahəsində nəinki Azərbaycanda, ümumilikdə bu regionda böyük
potensial var. Bu potensial hələ tam reallaşdırılmayıb və
ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün son dərəcə
mühüm bir addım ola bilər”, – deyə o bildirib.

F.Doye enerji şəbəkələrinin inteqrasiyasının mürəkkəb proses
olduğunu və bu istiqamətdə rəqəmsallaşmanın xüsusi əhəmiyyət
daşıdığını vurğulayıb.

“Ölkələrarası şəbəkələrin inteqrasiyası, hətta Almaniya kimi bir
ölkə daxilindəki sistemlərin mürəkkəbliyi ciddi diqqət tələb edir.
Məsələn, Almaniyada elektrik şəbəkəsini idarə edən dörd əsas
ötürücü sistem operatoru var. Onların hər birinin fərqli şəbəkə
kodlarının olması prosesi kifayət qədər mürəkkəbləşdirir”, – deyə “Siemens Energy” rəsmisi qeyd edib.




O bildirib ki, Avropada elektrik şəbəkələrinin orta yaşı
təxminən 50 ildir və bu sistemlər uzun müddət ərzində kifayət qədər
investisiya almayıb.

“Keçmişdə sistem daha sadə idi: bir böyük elektrik stansiyası
var idi və enerji oradan istehlakçılara ötürülürdü. İndi isə sistem
çox mürəkkəbdir. Həm enerji istehsal edən, həm də istehlak edən
tərəflər var və enerji iki istiqamətdə axır. Bu səbəbdən şəbəkələr
daha rəqəmsal olmalı və daha böyük yükü idarə edə bilməlidir”, –
deyə F.Doye bildirib.

Onun sözlərinə görə, regionda rəqəmsal elektrik şəbəkələrinin
müasir standartlar əsasında sıfırdan qurulması mühüm üstünlük
yarada bilər.
F.Doye “yaşıl dəhliz” layihələrinin həyata keçirilməsində bir neçə
ölkənin iştirakının prosesi daha da mürəkkəbləşdirdiyini diqqətə
çatdırıb.

“Yaşıl dəhlizdən danışarkən birdən çox ölkənin iştirakını
nəzərdə tuturuq və bu da özlüyündə prosesi daha mürəkkəb edir.
Məsələn, Danimarka və Almaniya arasında dənizdə istehsal olunan
külək enerjisinin Almaniyanın elektrik şəbəkəsinə inteqrasiyası
üzrə razılığın əldə olunması illərlə vaxt apardı”, – deyə o qeyd
edib.

O əlavə edib ki, hazırda Fransa və İspaniya arasında da oxşar
müzakirələr aparılır.

“İqtisadi baxımdan ölkələri birləşdirmək məntiqli olsa da,
tərəflərin maraqları hər zaman üst-üstə düşməyə bilər”, – deyə
F.Doye vurğulayıb.

“Siemens Energy” rəsmisi belə irimiqyaslı infrastruktur
layihələrinin reallaşdırılması üçün hökumətlər, sənaye
nümayəndələri, banklar, maliyyə institutları və investorlar
arasında sıx əməkdaşlığın vacibliyini qeyd edib.

“Belə irimiqyaslı infrastruktura layihələrini reallığa çevirmək
üçün hökumətlər, sənaye nümayəndələri, banklar, maliyyə
institutları və investorlar sıx əməkdaşlıq şəraitində fəaliyyət
göstərməlidirlər. Bu əməkdaşlığın uğurla nəticələnəcəyinə və
gözlənilən bəhrəni verəcəyinə inamım böyükdür”, – deyə o
bildirib.