
Bakı.Trend:
Turizmin müxtəlif istiqamətləri arasında sağlamlıq turizmi
xüsusi yer tutur və həm iqtisadi, həm də sosial baxımdan strateji
əhəmiyyət daşıyır.
Trend xəbər
verir ki, bu fikirləri Bakıda keçirilən II “Azərbaycan Sağlamlıq
Turizmi Konfransı”nda Azadə Hüseynova çıxışı zamanı bildirib.
O, qeyd edib ki, bu sahə təkcə ölkəyə əlavə valyuta axını
gətirmir, eyni zamanda insanların həyat keyfiyyətinin
yüksəldilməsinə, rifah və sağlamlıq mədəniyyətinin təşviqinə,
Azərbaycanın beynəlxalq tanınmasın xidmət edir:
“Ölkəmiz zəngin təbii resursları, müasir infrastruktur imkanları
ilə bu istiqamətdə böyük potensiala malikdir. Naftalan nefti,
Naxçıvanda Duz dağı, Qarabağ və Şərqi Zəngəzurda yerləşən təbii
balneoloji mənbələr həm regionda, həm də beynəlxalq səviyyədə
tarixən tanınıb. Həmçinin Abşeron, Şabran, Qəbələ, Lənkəran, Şəki
kimi bölgələrimizdə fəaliyyət göstərən sağlamlıq mərkəzləri həm
yerli, həm də xarici turistlər tərəfindən seçilən
məkanlardandır”.
A.Hüseynova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
qəbul edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası”nda tibbi turizmin inkişafı
prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
“Bu siyasət çərçivəsində müasir səhiyyə infrastrukturunun
yaradılması, kadr potensialının gücləndirilməsi, xidmət
keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata
keçirilir”.

