Səhiyyə naziri Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin VI iclasında iştirak edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev
Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri
Təşkilatının səhiyyə nazirlərinin VI iclasında iştirak edib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Qırğızıstan, Türkiyə, Qazaxıstan və
Özbəkistanın səhiyyə nazirliklərinin rəhbərləri və nümayəndə
heyətləri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Qırğız Respublikasının səhiyyə
naziri Damirbek Osmonov Türk Dövlətləri Təşkilatına üzv və
müşahidəçi dövlətlər arasında səhiyyə sahəsində əməkdaşlığın daha
da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev Türk
dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlığın daha da
genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi və qarşılıqlı məlumat
mübadiləsinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Teymur Musayev Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən
Türktransplant Vahid Məlumat Platformasının yaradılması
təşəbbüsünün irəli sürüldüyünü bildirib.

Nazir Azərbaycanın səhiyyə sistemində rəqəmsal transformasiya
istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, cari ilin
iyun ayında vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq
standartlara uyğun şəkildə toplanılmasını və fasiləsiz mübadiləsini
təmin edən “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdim olunduğunu
diqqətə çatdırıb.

Səhiyyə naziri Türk dövlətləri arasında vahid tibb-elmi məkanın
yaradılması, birgə elmi tədqiqatların aparılması, tibb təhsili və
elektron səhiyyə standartlarının müəyyənləşdirilməsi, eləcə də
davamlı tibbi təhsilin təmin edilməsini əməkdaşlığın əsas
istiqamətləri kimi qeyd edib.




İclas çərçivəsində nazirlər “Türk Dünyası Vizyonu – 2040” sənədi
və TDT-nin 2022–2026-cı illər üzrə Strategiyası əsasında səhiyyə
sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini
vurğulayıblar. Tərəflər səhiyyə sistemlərinin dayanıqlığının
gücləndirilməsi, əsas səhiyyə xidmətlərinin davamlılığının təmin
edilməsi, yoluxucu xəstəliklərə, təbii fəlakətlərə və digər
fövqəladə hallara effektiv cavab tədbirlərinin həyata keçirilməsi
istiqamətində birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər

Tədbirdə “TDT Səhiyyə Nazirlərinin 6-cı Toplantısının Birgə
Bəyannaməsi” imzalanıb. Bəyannamədə dərman vasitələrinin
təhlükəsizliyi və əlçatanlığı, tibbi kadrların peşəkarlıq
səviyyəsinin artırılması, səhiyyədə süni intellektdən məsuliyyətli
istifadə, əsas qeyri-infeksion xəstəliklərlə mübarizə, səhiyyə
infrastrukturu və əczaçılıq sənayesinə investisiyaların təşviqi
kimi istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi əksini
tapıb.

Tərəflər, həmçinin TURKTRANSPLANT təşəbbüsü çərçivəsində
əməkdaşlığın davam etdirilməsi, ümumi tibbi turizm şəbəkəsinin
inkişaf etdirilməsi, dərman vasitələri və tibbi avadanlıqların
birgə satın alınması mexanizminin hazırlanması, TürkEMT
təşəbbüsünün inkişaf etdirilməsi və səhiyyə sahəsində 2030-cu
ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə
verilməsi barədə razılığa gəliblər.

İclas çərçivəsində Türk Dövlətləri Birliyinin Baş katibi
Kubanıçbek Omuralıyev, Qırğızıstanın səhiyyə naziri Damirbek
Osmonov və Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova ilə iki
tərəfli görüşlər keçirilib.

Səhiyyə nazirlərinin VII iclasının Türkiyə Respublikasında
keçirilməsi qərara alınıb.

Tədbir çərçivəsində Bişkekdəki Qırğız-Türk Dostluq Xəstəxanasına
səfər baş tutub.