Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsinə töhfə verə bilər – Elçin Əmirbəyov (FOTO)

Baş səhifə

Bakı.Trend:

Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında sülhün
möhkəmləndirilməsinə töhfə verə bilər.

Trend xəbər verir
ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə
nümayəndəsi Elçin Əmirbəyov deyib.

Bu məsələ Elçin Əmirbəyovun İsveçrə Konfederasiyasına işgüzar
səfəri çərçivəsində İsveçrə Xarici İşlər üzrə Federal
Departamentinin dövlət katibi Aleksandr Fazel ilə görüşündə
müzakirə olunub.

Tərəflər regional bağlantılar kontekstində Orta Dəhlizin
inkişafını, həmçinin Zəngəzur dəhlizinin gerçəkləşdirilməsinin
regional əməkdaşlığın genişləndirilməsinə və Azərbaycanla
Ermənistan arasında sülhün möhkəmləndirilməsinə mümkün töhfəsini
müzakirə ediblər.

E. Əmirbəyov bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın əsas
ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat
əlaqəsinin bərpasını təmin edəcək. Görüşdə dəhlizin tərkib hissəsi
olan TRIPP layihəsi də müzakirə edilib.

Prezidentin xüsusi nümayəndəsi İsveçrə tərəfinə Azərbaycanla
Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin
hazırkı vəziyyəti və əldə olunan praktiki nəticələr barədə məlumat
verib.

Qeyd olunub ki, qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi
və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi, eləcə də
vətəndaş cəmiyyətləri arasında əlaqələrin genişləndirilməsi sülhün
üstünlüklərinin hər iki ölkənin əhalisi tərəfindən hiss olunmasında
mühüm rol oynayır.

Görüşdə, həmçinin Azərbaycan-İsveçrə münasibətlərinin inkişafı,
regional təhlükəsizlik və nəqliyyat kommunikasiyaları məsələləri
ətrafında fikir mübadiləsi aparılıb.