
Bakı. Trend:
İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycanın Prezidenti
İlham Əliyevə İtaliyanın bütün ərazisində yanacağın qiymətlərinin
məhdudlaşdırılması ilə bağlı qərara görə təşəkkür edib.
Bu barədə Baş nazir sosial şəbəkəsindəki rəsmi səhifəsində
yazıb.
“Enidən sonra IP şirkəti də ölkə üzrə yanacağın qiymətlərinə
limit tətbiq etmək qərarına gəlib. Bu, İtaliya ailələrinə
göstərilən diqqətin mühüm əlamətidir və yanacağın bahalaşmasının
qarşısının alınmasına konkret töhfə verməyin mümkün olduğunu
təsdiqləyir. Bu diqqətə görə Azərbaycanın Prezidenti İlham Əliyevə,
əməkdaşlığımızı gücləndirən bu addıma görə, həmçinin SOCAR-ın
prezidenti Rövşən Nəcəfə təşəkkür etmək istəyirəm”, – deyə o
yazıb.
Meloni bildirib ki, İtaliya hökuməti hazırkı mürəkkəb beynəlxalq
vəziyyətdə ailələrə dəstək olmaq və onların alıcılıq qabiliyyətini
qorumaq istiqamətində fəaliyyətini davam etdirəcək.
Bu arada, bir müddət əvvəl Azərbaycan Dövlət Neft Şirkəti
(SOCAR) və İtaliyanın Eni S.p.A. şirkəti SOCAR-ın Kot-d’İvuardakı
Baleine neft-qaz yatağının işlənməsi layihəsində 10 faizlik iştirak
payını əldə etdiyi sövdələşmənin tamamlanması ilə bağlı Protokol
mübadiləsi həyata keçirib.
SOCAR-ın məlumatına görə, sövdələşmə tamamlandıqdan sonra
layihədə iştirakçıların payları belə bölüşdürülüb: Eni – 37,25
faiz, Vitol – 30 faiz, Kot-d’İvuarın milli neft-qaz şirkəti Petroci
– 22,75 faiz, SOCAR – 10 faiz.
“Payın əldə edilməsi SOCAR-a Afrikanın neft-qaz sektoruna çıxış
imkanı verəcək və şirkətin kəşfiyyat və hasilat sahəsində qlobal
fəaliyyətini genişləndirmək üzrə uzunmüddətli strategiyasının bir
hissəsi olacaq”, – deyə şirkətin məlumatında bildirilib.

