İran Azərbaycandan elektrik idxalını artırmağa maraqlıdır – TAVANIR

Baş səhifə

Bakı. Trend:

İran Azərbaycandan idxal etdiyi elektrik enerjisini artırmaqda
maraqlıdır.

İranın Energetika Nazirliyinin məlumatına görə, bunu İranın
TAVANIR Şirkətinin (İranın Elektrik Enerjisinin İstehsalı, Nəqli və
Distributorluğu Şirkəti) icra direktoru Məhəmməd Allahdad 28
sentyabrda Tehranda Azərbaycanın energetika nazirinin müavini Elnur
Soltanovla görüşdə deyib.

“İran və Azərbaycan iki dost, qonşu və qardaş ölkədir. İki ölkə
arasında mədəni, tarixi və texniki əlaqələri olmuşdur və elektrik
sahəsində də iki ölkə arasında birgə əməkdaşlıq formalaşıb”, -deyə
o bildirib.

Allahdad bildirib ki, Azərbaycandan birbaşa şəkildə idxal olunan
elektrikin həcminin artırılması, müştərək su elektrik
stansiyalarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi,həmçinin
qaz və elektrik svopu diqqət mərkəzində durur.




İcraçı direktor əlavə edib ki, aparılan müzakirələrin
nəticələrinə və mövcud potensialları nəzərə alaraq qarşıdan gələn
soyuq aylarda Azərbaycandan enerji idxalının artırılması üçün
şəraitin yaranacağına ümid edilir.

TAVANIR Şirkətinin rəsmisi deyib ki, idxal olunacaq elektrikin
həcminin təyin olunması üçün iki ölkənin mütəxəssisləri mövcud
potensialları nəzərə alaraq müxtəlif məkanlarda elektrik
şəbəkəsinin qoşulması və texniki işləri araşdıracaqlar.

Allahdad qeyd edib ki, İran və Azərbaycan arasında elektrik
enerjisi əməkdaşlığı müxtəlif sərhəd bölgələrində, o cümlədən
Naxçıvanla sərhəddə mövcuddur. İki ölkə arasında elektrik əlaqələri
və enerji əməkdaşlığının inkişaf etdirilməsi və möhkəmləndirilməsi
gələn illərdə ikitərəfli münasibətlərin inkişafına şərait yarada
bilər.