Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça” ASC-nin əl işi xalçası təqdim olundu (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Azərxalça” ASC 24–26 sentyabr 2026-cı il tarixlərində keçirilən
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Azərbaycan
xalçaçılığının zəngin ənənələrini beynəlxalq auditoriyaya təqdim
edib. Üç gün davam edən yarış çərçivəsində “Azərxalça” ASC-nin
iştirakı ilə ənənəvi xalça toxuculuğunun canlı nümayişi təşkil
olunub, həmçinin Cəmiyyət tərəfindən hazırlanan müxtəlif xalça və
xalça məmulatları ziyarətçilərə təqdim edilib.

Yarış ərazisində yaradılan “Azərxalça” ASC-nin milli guşəsi və
“Fun Zone”da fəaliyyət ənənəvi sənətin müasir idman mühiti ilə bir
araya gətirildiyi xüsusi təqdimat məkanı olub. Burada ziyarətçilər
Azərbaycan xalçaçılığının tarixi və zəngin irsi ilə tanış olmaqla
yanaşı, xalçaçılıq sənətinin canlı şəkildə necə ərsəyə gəldiyini də
izləmək imkanı əldə ediblər.

Üç gün ərzində “Azərxalça” ASC-nin milli guşəsində peşəkar
toxucu tərəfindən xalça toxuculuğunun canlı nümayişi keçirilib.
Qonaqlar xalçanın ilmə-ilmə necə ərsəyə gəldiyini yaxından izləyib,
ənənəvi toxuculuq texnikası ilə tanış olublar. Cəmiyyətin peşəkar
toxucusunun dəstəyi ilə həm yerli, həm də xarici ziyarətçilər
toxunan xalçaya öz ilmələrini əlavə edərək bu prosesin bir
hissəsinə çevrilib və bununla bağlı xüsusi sertifikat əldə ediblər.
Bu təqdimat xalçaçılığın yalnız hazır məhsul deyil, böyük zəhmət,
dəqiqlik və ustalıq tələb edən canlı sənət prosesi olduğunu nümayiş
etdirib. Ziyarətçilər toxucunun iş prosesini izləməklə xalçanın hər
bir ilməsində formalaşan sənətkarlığı daha yaxından kəşf etmək
imkanı əldə ediblər.

Milli guşədə, həmçinin müxtəlif xalça nümunələri nümayiş
etdirilib. Bu məkan qonaqlara Azərbaycan xalçaçılığının zəngin irsi
ilə tanış olmaq, ənənəvi sənət nümunələrini yaxından görmək və
onların müasir təqdimatını kəşf etmək imkanı yaradıb.




“Fun Zone”da isə “Azərxalça” ASC-də toxunulan xalçalar və
müxtəlif xalça məmulatları, ipək məhsulları, eləcə də Azərbaycan
kəlağayıları təqdim olunub. Ziyarətçilər məhsullarla tanış olmaqla
yanaşı, onları əldə etmək imkanı da qazanıblar.

Tədbirin əsas təqdimatlarından biri isə məşhur niderlandlı
yarışçı Maks Verstappenin portretinin yer aldığı və xüsusi olaraq
onun şərəfinə toxunan xalça olub. Xalça Verstappenin 2025-ci il
Formula 1 Azərbaycan Qran-Prisindəki qələbəsinə həsr olunub.
İdmançının kuboku əlində tutduğu qalibiyyət anını əks etdirən
portret kompozisiyanın əsas elementini təşkil edir. Bu obraz
ənənəvi xalça motivləri ilə birləşdirilərək həm Azərbaycanın qədim
xalçaçılıq sənətinə, həm də müasir idman dünyasına ehtiramı ifadə
edir. “Azərxalça” ASC-nin Qubada yerləşən emalatxanasında yerli
qadın xalçaçılar tərəfindən toxunan xalça yun və ipək qarışığından
hazırlanıb. Əsərin kompozisiyası Azərbaycanın zəngin xalçaçılıq
irsini Formula 1-in dinamik ruhu ilə birləşdirir. Xalçanın
kompozisiyası Azərbaycanın seçilən ənənəvi xalça nümunələrindən
biri olan klassik Qarabağ Çələbi xalçasından ilhamlanaraq müasir
bədii yanaşma əsasında işlənib. Ənənəvi motiv və quruluş müasir
elementlərlə zənginləşdirilərək klassik irs nümunəsinə yeni vizual
dil və fərqli bədii ifadə qazandırılıb. Verstappenin kuboku əlində
tutduğu qalibiyyət anının kompozisiyanın mərkəzində təqdim olunması
nailiyyət, sürət və yarış həyəcanını simvolizə edir.

Beləliklə, ənənəvi sənətkarlıqla müasir hekayəçiliyin birləşməsi
nəticəsində hazırlanan xalça Azərbaycan xalçaçılığının tarixi irsi
ilə Formula 1-in dinamik dünyasını bir araya gətirən müasir sənət
nümunəsinə çevrilib. Əsər həm milli sənət irsinin beynəlxalq
auditoriyaya təqdim olunmasına, həm də Azərbaycan xalçaçılığının
müasir bədii ifadə imkanlarının nümayişinə xidmət edib. Yarış başa
çatdıqdan sonra xalça “Azərxalça” ASC-nin nümayəndələri tərəfindən
idmançıya təqdim olunub.