Bakı. Trend:
Dominikan Respublikası Haiti futbol millisinin öz ərazisində
oyun keçirməsini qadağan edib. Dominikan Respublikası Hispaniola
adasını bölüşdüyü və münasibətlərinin gərgin olduğu Haiti ilə
qonşudur. Qərar bir gün əvvəl iki ölkənin yığmaları arasında
keçirilən oyundan (1:4) öncə baş verən insidentdən sonra qəbul
edilib.
“İdman Nazirliyi Haiti futbol millisinin Dominikan
Respublikasının idman obyektlərində oyun keçirməsini tamamilə
qadağan edir (…) Dünən Feliks Sançes stadionunun girişlərindən
birində gördüklərimiz qəbuledilməzdir”, – deyə nazir Kelvin Kruz
bildirib.
Bir gün əvvəl bütün biletlər satıldıqdan sonra haitili
azarkeşlər stadionun girişinə zorla daxil olmağa cəhd ediblər.
Yüksək riskli hesab edilən və gücləndirilmiş polis qüvvələrinin
nəzarəti altında keçirilən “Hispaniola derbisi” başqa insident
olmadan başa çatıb və azarkeşlərin stadiondan dağılışması da
problemsiz keçib.

