ABŞ Kubaya yanacaq daşıyan iki gəmini saxladığını açıqlayıb

Baş səhifə

ABŞ Sahil Mühafizəsi Kubaya tətbiq olunan yanacaq blokadası çərçivəsində ölkəyə qanunsuz yanacaq apardığı iddia edilən iki gəmini saxladığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Sentyabrın 5-də 91 metr uzunluğundakı “Grace” konteyner gəmisinə Kuba ilə Meksika arasındakı Karib dənizində müdaxilə edilib. Bildirilib ki, gəminin izlənmədən yayınmaq üçün mövqeyini göstərən siqnalları söndürməsi şübhələrə səbəb olub.

Bundan başqa, yayın əvvəlində Kubaya yanacaq daşıyan daha kiçik “Jaira Provider” gəmisi də saxlanılıb. ABŞ kəşfiyyat məlumatlarına əsasən, hər iki gəmidəki yanacağın təyinat məntəqəsinin Kuba olduğu müəyyən edilib. “Jaira Provider” gəmisində təxminən 800 ton yanacaq olduğu bildirilib.

Hər iki gəminin sonuncu dəfə Panamanın Kolon limanına daxil olduğu, yanacağın haradan gətirildiyinin isə açıqlanmadığı qeyd olunub.

Qeyd edək ki, ABŞ yanvar ayından etibarən Kubaya neft və yanacaq blokadası tətbiq edir.