Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib (FOTO)

Baş səhifə

Düşənbə.Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tacikistanın
paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB)
Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.

Trend xəbər
verir ki, nazir çıxışında Azərbaycanın mədəni diplomatiyaya
sadiqliyini vurğulayaraq, 28 sentyabr – 8 oktyabr tarixlərində
Azərbaycanda uğurla keçirilmiş 3-cü MDB Oyunları haqqında məlumat
verib. O, həmçinin Laçın şəhərinin 2025-ci il üçün MDB-nin
Mədəniyyət Paytaxtı elan olunmasına göstərilən dəstəyə görə
təşəkkürünü bildirib və bu çərçivədə şəhərin unikal irsini nümayiş
etdirmək məqsədilə artıq çoxsaylı mədəni tədbirlərin həyata
keçirildiyini qeyd edib.

Təhlükəsizlik çağırışlarına toxunan nazir, terrorizm, ekstremizm
və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə
əlaqələndirilmiş səylərin vacibliyini vurğulayıb və bu sahələr üzrə
birgə sənədlərin qəbul edilməsini alqışladığını bildirib.

Çernobıl faciəsinin 40-cı ildönümündən bəhs edən nazir, bu
fəlakətin davam edən humanitar və ekoloji nəticələrini xatırladıb,
həyatını itirənlərin və nəticələrinin aradan qaldırılmasında
iştirak etmiş, o cümlədən azərbaycanlı xilasedicilərin xatirəsini
ehtiramla yad edib.

Nazir çıxışında, həmçinin Azərbaycanın MDB tərəfdaşları ilə
qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişləndirilməsinə
verdiyi əhəmiyyəti vurğulayıb və ticarət dövriyyəsinin artımını
müsbət dinamikanın göstəricisi kimi dəyərləndirib.

Çıxışının sonunda nazir, Azərbaycan Respublikasının MDB
çərçivəsində etimadın möhkəmləndirilməsi və konstruktiv dialoqun
təşviqinə sadiqliyini bir daha təsdiqləyib.