Britaniyada zərərvericilərə görə bir sıra dəmir yolu reysləri ləğv olunub

Baş səhifə

Bakı.Trend:

Böyük Britaniyanın London və Kent arasında
sərnişindaşıma həyata keçirən Southeastern dəmir yolu operatoru
taxtabiti “basqını” ilə üzləşib. Maşinistlər qatarları idarə
etməkdən imtina ediblər, bir neçə reys ləğv olunub.

Bu barədə “The Daily Telegraph” qəzeti yazıb.

Qəzetin məlumatına görə, Hastinqs yaxınlığındakı “West Marina” deposunun qatarlarında taxtabitilərin olması barədə
ilk dəfə sentyabrın 22-də məlumat verilib. Maşinistlər iş
yerlərində və şəxsi əşyalarında həşəratlar aşkar etdikdən sonra
kabinəyə daxil olmaqdan imtina ediblər. Maşinistlərdən biri bütün
bədənini örtəcək xüsusi qoruyucu kostyum istəyib, lakin belə bir
kostyumun olmadığı məlum olub. Nəticədə iki reys ləğv edilib.




Qəzetin yazdığına görə, qatarların birində
həşəratların aşkar edilməsinə baxmayaraq, sərnişin daşınmasını
davam etdirdiyi üçün “taxtabiti ekspresi” ləqəbi verilib. Buna
səbəb dispetçerlərin problemdən xəbərsiz olması və taxtabitilərin
olduğu qatarı xəttə buraxması olub. Bununla belə, qəzet qeyd edib
ki, taxtabitilər sərnişinlərin olduğu bölmələrdə aşkar
edilməyib.

Depoda zərərvericilərə qarşı mübarizə üzrə
mütəxəssislər çalışır. Lakin qəzetin məlumatına görə,
taxtabitilərin məhv edilməsi bahalı və uzunmüddətli prosesdir.