Azərbaycan fiskal siyasətdə balansı qorumağı bacaran nadir ölkələrdəndir.
“Report” xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda bildirib.
Onun sözlərinə görə, son dövrlər dünya iqtisadiyyatında müşahidə olunan proseslər bir daha göstərir ki, makroiqtisadi sabitlik özü-özünə formalaşan nəticə deyil: “Bu, ardıcıl siyasətin, ehtiyatlı fiskal yanaşmanın və institusional qərarların məcmusudur. Bir çox ölkələr artan büdcə defisitləri, borclanma təzyiqləri və inflyasiya riskləri ilə üzləşdiyi halda, Azərbaycan fiskal siyasətdə balansı qorumağı bacaran nadir ölkələr sırasındadır. Bu balansın qorunması təkcə büdcə göstəriciləri ilə ölçülmür. Əsas məsələ iqtisadiyyata olan etimadın saxlanılması, dövlətin maliyyə öhdəliklərini vaxtında, dayanıqlı şəkildə həyata keçirməsidir. Məhz bu yanaşma iqtisadi sabitliyimizin əsas dayaqlarından biri olub”.
“Eeyni zamanda, neft-qaz sektorunda baş verən dəyişiklikləri də real şəkildə dəyərləndiririk. Hasilatın azalması və enerji bazarlarında qiymətlərin ifrat dəyişkənliyi artıq yeni bir reallıqdır. Bu reallıq bizdən iqtisadi idarəetmədə daha çevik, məsuliyyətli və şaxələndirilmiş yanaşma tələb edir. Neft gəlirlərinin iqtisadiyyatda rolu dəyişir və bu, təbii bir prosesdir. Əsas məsələ bu dəyişimi risk kimi deyil, struktur transformasiyası üçün imkan kimi istifadə etməkdir”, – deyə hökumət başçısı qeyd edib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

