
Bakı. Trend:
İşğaldan azad edilən ərazilərdə televiziya və radio
proqramlarının yayımı üçün hazırda 8 ədəd Radio-Televiziya Yayım
Stansiyası (RTYS) (Şuşa, Kəlbəcər, Mincivan (Zəngilan), Xanlıq
(Qubadlı), Şahyeri (Hadrut), Laçın, Balasoltanlı (Qubadlı) və
Həsənriz kəndi (Ağdərə) bərpa edilib.
Trend-in əldə
etdiyi məlumata görə, tələbata uyğun yeni Radio-Televiziya Yayım
Stansiyasılarının quraşdırılması istiqamətində işlər davam
etdirilir.
Qeyd olunan stansiyalar vasitəsilə hazırda Şuşa, Xankəndi,
Xocalı, Laçın, Kəlbəcər, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl,
Zəngilan, Ağdam, Ağdərə və digər ətraf ərazilərdə radio-televiziya
yayımları təmin edilir.
Eyni zamanda, Ağdərə rayonunun ərazisində yerləşən və əvvəllər
istismara yararsız vəziyyətə düşmüş Həsənriz kənd Radio-Televiziya
Yayım Stansiyasının işi 2025-ci il yanvarın 17-də bərpa edilib.
Stansiya elektrik enerjisi ilə təmin olunub. Texniki bina təmir
edilib və müvafiq avadanlıqlar, eləcə də digər zəruri texniki
vasitələr quraşdırılaraq istismara verilib.
Bundan başqa, Xocalı rayonunun inzibati ərazisində yerləşən
RTYS-in (Xankəndi RTYS) tikintisi işlərinə başlanılıb. Həmçinin,
tikinti layihəsi üzrə işlərin icrası zamanı “Time Lapse” rejimi ilə
videoçəkilişlərin keyfiyyətli şəkildə aparılması məqsədilə müvafiq
qurğu və avadanlıqlar tikinti obyektində quraşdırılaraq
çəkilişlərin təşkili təmin edilib. Layihə üzrə işlər
razılaşdırılmış qrafikə uyğun həyata keçirilir.

