Azərbaycanın təşəbbüsləri Türk dünyasının güclənməsinə böyük töhfələr verir

Baş səhifə

Bakı. Trend:

Müasir dünya nizamıında özünü qabarıq göstərən siyasi,
iqtisadi və hərbi gərginliklər ortaq milli və mədəni dəyərləri
bölüşən türk respublikaları qarşısında da yeni çağırışlar
formalaşdırır, onlar arasındakı birliyin və əlaqələrin daha
gücləndirilməsini ümumi vəzifəyə çevirir. Olduqca mühümdür ki, türk
dövlətləri beynəlxalq münasibətlər sisteminin bu reallıqlarını
vaxtında və düzgün dəyərləndirir, onlara adekvat yanaşmaqla,
əlaqələrin və çoxtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi
üçün lazım olan bütün addımları atırlar.

Oktyabırn 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının
(TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü müasir
çağırışların dəyərləndirilməsi, regional və qlobal proseslərdə Türk
dünyasının maraqlarının qorunması, TDT-nin fəaliyyəti ilə bağlı
qarşıda dayanan vəzifələrin müzakirəsi baxımından mühüm siyasi
hadisə oldu. Budəfəki Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik”
mövzusuna həsr olundu, türk dövlətlərinin liderləri çıxışlarında
TDT-nin fəaliyyət perspektivləri, türk dövlətlərinin münasibətləri
ilə bağlı dəyərli fikirlər bildirdilər. Azərbaycan Prezidenti İlham
Əliyevin çıxışı isə həm də Türk dünyasının gələcək yüksəlişinin yol
xəritəsi oldu. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər və
toxunduğu məsələlər Türk dünyasının geopolitik baxımdan daha
güclənməsi, TDT üzvləri arasında əlaqələrinin möhkəmləndirilməsi
baxımından böyük əhəmiyyət kəsb edir.

TDT-nin əsası türk dövlət başçılarının 2009-cu il oktyabr ayının
3-də Naxçıvanda keçirilən Zirvə görüşündə imzaladıqları
«Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının
yaradılması» haqqında sazişlə qoyulub. Naxçıvan sazişində
təşkilatın yaradılmasında əsas məqsədlər kimi türk dövlətləri
arasında qarşılıqlı etimad, dostluğun möhkəmləndirilməsi, regionda
və ümumilikdə dünyada sülhün qorunması, təhlükəsizlik və etimadın
gücləndirilməsi nəzərdə tutulub. Həmçinin, sazişdə siyasi,
ticari-iqtisadi, hüquq-mühafizə, təbiətin mühafizəsi, mədəni,
elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat və ümumi
maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli
əməkdaşlığın təşviqi, türk xalqlarının böyük mədəni-tarixi irsinin
təbliği, tərəflər arasında təmasların təşviqi və sair yer alıb.

Ötən 16 ilin reallıqları göstərir ki, Azərabycan TDT-nin
əsasının qoyulduğu ölkə olaraq həm təşkilatın fəaliyyətini uğurla
həyata keçirməsinə, həm də türk respublikaları arasında
əməkdaşlığın genişləndirilməsinə böyük töhfələr verir.
Respublikamızın istər xarici siyasətində, istərsə də Cənubi Qafqaz
regionunda həyata keçirdiyi enerji və nəqliyyat layihələrində türk
dövlətlərinin də maraqlarının qorunması xüsusi yer tutur. Prezident
İlham Əliyevin Zirvə Görüşündə çıxışı zamanı Azərbaycanın TDT-nin
fəaliyyəti və türk dövlətlərinin əməkdaşlığının genişləndirilməsi
istiqamətində həyata keçirdiyi tədbirlərlə bağlı diqqətə çatdırdığı
məsələlər respublikamızın türk həmrəyliyinə verdiyi töhfələrin
nümunələridir. Məsələn, Azərbaycan TDT-nin işinə dəstək məqsədilə
təşkilatın Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində
ianə edib. İndiyə qədər Azərbaycan türk ölkələrinin iqtisadiyyatına
20 milyard ABŞ dollarından çox vəsait qoyub. Bunlarla yanaşı,
Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə
fondları yaradıb. Azərbaycanın təşəbbüsü ilə inşa edilən
Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı Avropa ilə birləşdirən
nəhəng infrastruktur olmaqla, türk dövlətlərinin iqtisadi
əlaqələrinin genişlənməsinə xidmət edir. Bu gün respublikamız
Xəzərdə ən böyük ticarət donanmasına malikdir. Yaxın illərdə Ələt
Beynəlxalq Ticarət Limanının gücü ildə 25 milyon tona çatacaq.
Bütün bunlar Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə
çevirməklə yanaşı, Türk dövlətləri arasında iqtisadi inteqrasiyanı
dərinləşdirir.

Prezident İlham Əliyevin Zirvə Görüşündə bu barədə danışarkən
qeyd etdi ki, atılan addımlar Türk dünyası daxilində iqtisadi
inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş
ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun
dayanıqlı inkişafına xidmət edir. Zəngəzur dəhlizinin açılması isə
bu əməkdaşlığı daha da genişləndirəcək, Türk dünyasını geosiyasi
səviyyədə gücləndirəcək, türk dövlətləri arasında yeni iqtisadi və
tranzit imkanları yaradacaq.

Ümumiyyətlə, Azərbaycan TDT çərçivəsində həmişə siyasi-iqtisadi
təkliflərlə çıxış edir, yeni əməkdaşlıq sahələri yaradır və ortaq
layihələrin maliyyələşdirilməsində və idarə olunmasında fəal
iştirak edir. TDT-nin elə bir proqram və layihəsi yoxdur ki, orda
Azərbaycan olmasın. Həm də Azərbaycanın təşəbbüsləri və həyata
keçirdiyi tədbirlər TDT-nin inkişaf strategiyasının əsas
istiqamətlərini müəyyənləşdirir. Bunun nəticəsidir ki, TDT real
təsir gücünə malik beynəlxalq təşkilata çevrilib. Prezident İlham
Əliyevin bildirdiyi kimi TDT ciddi geosiyasi mərkəzlərdən biri kimi
formalaşır: «Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə,
əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri
kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun
artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz,
müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi
birləşdirir».

Qəbələdə keçirilən Zirvə Görüşündə Prezident İlham Əliyevin
irəli sürdüyü təkliflər də xüsusilə təqdirəlayiqdir. Belə ki,
dövlətimizin başçısının 2026-cı ildə Azərbaycanda TDT ölkələrinin
birgə hərbi təlimlərinin keçirilməsi və gələn il birinci Türkoloji
Qurultayın keçirilməsinin 100 illik yubileyinin TDT çərçivəsində
təntənəli şəkildə təşkil olunması kimi təklifləri Türk dünyasının
birliyinin daha möhkəmlənməsinə xidmət edən nəticəyönümlü
çağırışlardır.

Zirvə Görüşünün əsas məqamlarından biri də çıxış edən bütün
liderlərin Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması
istiqamətində əldə olunan razılaşmaları, o cümlədən avqustun 8-də
Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasını alqışlamaları oldu. Bu
da onu göstərdi ki, qardaş türk dövlətləri Azərbaycanın bu tarixi
siyasi uğuruna sevinir, regionda sülhün təmin olunması
istiqamətində atılan addımları təqdir edirlər.

Zirvə Görüşü çərçivəsində Prezident İlham Əliyevin ikitərəfli
görüşləri, həmçinin, TDT Xarici İşlər Nazirləri Şurasının
toplantısı da keçirildi. Bütün bunlar yalnız protokol xarakterli
görüşlər deyildi. Bu görüşlər həm də, yeni təşəbbüslərin irəli
sürülməsi, ortaq qərarların qəbul edilməsi və Türk dünyasının
gələcək inteqrasiyasına dair strateji müzakirələrin aparılması üçün
mühüm imkanlardır.

Türk dövlətlərinin həmrəyliyi, təşkilatlanmaları, regional və
qlobal proseslərdə ortaq mövqedən çıxış etmələri onların vahid
siyasi və iqtisadi güc mərkəzi kimi çıxış etmələrini şərtləndirir.
Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, Zəngəzur dəhlizinin
reallaşması isə bütün türk coğrafiyasına güc mərkəzi kimi
möhkəmlənmək yolunda yeni dividendlər qazandırır. TDT Dövlət
Başçıları Şurasının 12-ci Zirvə Görüşü də bunu təsdiq etdi. Bu
Zirvə Görüşü türk dövlətlərinin dostluğunu daha da
möhkəmləndirəcək, onlar arasındakı əməkdaşlığı yeni mərhələyə
yüksəldəcək. Azərbaycan isə TDT və Türk dünyasının güclənməsi, türk
dövlətləri arasında münasibətlərin daha da genişlənməsi üçün
səylərini bundan sonra davam etdirəcək.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı