AMB-nin valyuta ehtiyatlarının artırılması üçün konkret hədəf və limiti yoxdur – Taleh Kazımov

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının
artırılması ilə bağlı konkret hədəfi və ya limiti yoxdur. Mərkəzi
Bank valyuta bazarına müdaxilələr zamanı aldığı xarici valyutanın
manat emissiyasına və inflyasiyaya mümkün təsirlərini
qiymətləndirərək qərar verir.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov
faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat
konfransında bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bank cari ilin sonunadək də valyuta
bazarında alış yönümlü müdaxilələrini davam etdirməyi gözləyir.
İlin sonunadək təxminən 1 milyard ABŞ dolları həcmində valyuta
alınması ehtimal olunur.

“Bizim belə bir hədəfimiz yoxdur ki, valyuta ehtiyatlarımız
müəyyən səviyyəyə çatmalıdır və həmin səviyyədə alış müdaxilələrini
dayandırmalıyıq. Gözləntimiz odur ki, ilin sonunadək alış yönümlü
müdaxilələrimiz davam edəcək. Təxminən 1 milyard ABŞ dolları
həcmində alış həyata keçirə bilərik”, – deyə T.Kazımov qeyd
edib.

AMB sədri banklararası pul bazarının fəaliyyətinə də toxunub. O
bildirib ki, Mərkəzi Bankın əsas məqsədlərindən biri bankların
sərbəst vəsaitlərini bir-birinə yerləşdirməsini təşviq etmək və
banklararası bazarda aktivliyi artırmaqdır.

Onun sözlərinə görə, əvvəllər banklar sərbəst vəsaitlərini digər
banklarda yerləşdirməkdənsə, Mərkəzi Banka yerləşdirməyə üstünlük
verirdilər. Sentyabrın 23-də qəbul edilən qərardan sonra Mərkəzi
Bankın banklardan vəsait cəlb edərkən ödədiyi faiz dərəcəsinin 5
faizə endirilməsi banklararası bazarda əməliyyatları daha cəlbedici
edib.




“Bizim məqsədimiz odur ki, banklar sərbəst vəsaitlərini Mərkəzi
Bankda yerləşdirməkdənsə, daha çox bir-birləri arasında
yerləşdirsinlər. Təbii ki, kreditə tələb olduğu halda, banklar
vəsaitlərini Mərkəzi Bankda saxlamaq əvəzinə kreditləşməyə də
yönəldə bilərlər”, – deyə o vurğulayıb.

T.Kazımov qeyd edib ki, bütün banklar banklararası bazarda
iştirak edə bilirlər. Bununla belə, hər bir bankın likvidlik
ehtiyacı fərqlidir: bəzi banklarda sərbəst vəsait çox, digərlərində
isə daha az ola bilər.

AMB sədri valyuta ehtiyatlarının artırılmasının iqtisadiyyata və
inflyasiyaya təsiri ilə bağlı suala cavabında bildirib ki, Mərkəzi
Bank bu il 3,6 milyard ABŞ dolları həcmində valyuta alıb və bunun
müqabilində manat emissiyası həyata keçirib.

“Lakin bu manat vəsaitlərinin iqtisadiyyata birbaşa təsiri
yoxdur, çünki onlar müxtəlif formalarda mövcuddur. Əgər həmin
vəsaitlər dərhal iqtisadiyyatda istifadə olunsa, inflyasiya
proseslərini sürətləndirə bilər. Hazırda isə biz bunu müşahidə
etmirik”, – deyə T.Kazımov bildirib.

Onun sözlərinə görə, əlavə manat kütləsinin inflyasiyaya təsir
göstərə biləcəyi əsas kanallardan biri kreditləşmədir.
Kreditləşmənin artması isə iqtisadiyyatda tələbin mövcudluğundan
asılıdır.

“Hazırda valyuta ehtiyatlarının artırılması ilə bağlı müəyyən
rəqəmdə dayanmaq kimi hədəfimiz və limitimiz yoxdur. Hər dəfə manat
emissiyası həyata keçirdikdə onun inflyasiyaya təsirini
qiymətləndiririk. Risk olmadığını gördükdə valyuta alışlarını davam
etdiririk”, – deyə AMB sədri əlavə edib.