AYİB Azərbaycanda ümumilikdə 1,2 giqavatlıq bərpa olunan enerji layihələrini maliyyələşdirib

Baş səhifə

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rolu vizyonları
maliyyələşdirilə bilən layihələrə çevirməkdir.

Trend xəbər
verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)
Enerji sektoru üzrə baş bankiri Sandro Museridze Bakıda keçirilən
“Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya” tədbiri
zamanı bildirib.

O qeyd edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)
investisiya edərək və günəş elektrik stansiyaları kimi bərpaolunan
enerji təşəbbüslərini dəstəkləyərək, Azərbaycan və Mərkəzi Asiya
ölkələrində yaşıl enerjinin inkişafına töhfə verir: “Əsas vəzifəmiz
ambisiyaları real layihələrə çevirməkdir. Bu o deməkdir ki, biz
layihələrin hazırlanmasına, texniki-iqtisadi əsaslandırmalarına
dəstək göstərir, müxtəlif variantların işlənməsinə yardım edirik,
həmçinin hökumətlə birlikdə tənzimləyici islahatlar üzərində
çalışırıq.

Azərbaycanın 2030-cu ilə qədər ən azı 30% bərpaolunan enerji
hədəfi var və bizim işimiz bu məqsədə çatmağa kömək etməkdir. Son
illərdə AYİB Azərbaycanda ümumilikdə 1,2 giqavatlıq bərpaolunan
enerji layihələrini maliyyələşdirib. Bu siyahıya “Masdar” şirkəti
ilə 230 meqavatlıq günəş layihəsi, “ACWA Power” ilə 240 meqavatlıq
layihə və yaxın zamanda eyni miqyaslı daha iki layihə daxildir. Bu
layihələr təkcə rəqəmlər deyil, bunlar Cənubi Qafqazda ilk və ən
iri sənaye miqyaslı bərpaolunan enerji layihələridir.
Mərkəzi Asiyada isə son illərdə 1,3 milyard dollardan çox sərmayə
yatırmışıq”.




AYİB rəsmisi “Xızı-Abşeron” Külək Elektrik Stansiyası üzrə
görülən işlərdən də danışıb: “Yaxınlarda “ACWA Power” tərəfindən
həyata keçirilən və bizim də birgə maliyyələşdirdiyimiz “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsinə baş çəkdim.
Tikinti mərhələsində 850 nəfər işçi çalışıb, onların 70%-i yerli
işçilər olub. Bu, sadəcə məşğulluq deyil, ölkəyə yeni bacarıqların
gətirilməsi deməkdir. Layihə çərçivəsində bir ay ərzində 95 min
kilometrdən çox məsafə layihə texnikası tərəfindən qət olunub.
Layihə tam başa çatdıqdan sonra ildə 400 min tondan çox karbon
emissiyası azaldılacaq ki, bu da on minlərlə avtomobilin yollardan
çıxarılmasına bərabərdir”.

“Bizim rolumuz yalnız birbaşa sərmayələrlə məhdudlaşmır. Bir çox
beynəlxalq maliyyə qurumları yeni bazarlara daxil olarkən tərəddüd
edirlər, lakin AYİB-in iştirakı onlara əlavə inam verir.

Əlbəttə, etibarlı və proqnozlaşdırıla bilən elektrik şəbəkəsi də
layihələrin uğuru üçün həlledici əhəmiyyət daşıyır. Burada vacib
məqam ondan ibarətdir ki, 2024-cü ildə Azərbaycanda AYİB-in dəstəyi
ilə ilk dəfə bərpaolunan enerji üzrə hərrac keçirildi. Bu hərrac
çərçivəsində 400 meqavat gücündə günəş elektrik stansiyaları
nəzərdə tutulur. Bu, təkcə layihə deyil, həm də bərpaolunan
enerjinin ölkədə uzunmüddətli roluna dair sistemli bir mesajdır”, –
Sandro Museridze əlavə edib.