“Misirli oğlanla evlənirəm” deyəndə atamın ilk sualı bu oldu: Müsəlmandır? – MÜSAHİBƏ

Baş səhifə

Bəzən həyat bizi heç gözləmədiyimiz bir ölkəyə, heç planlamadığımız bir sevgiyə aparır. Azərbaycanlı ingilis dili müəllimi Ülkər Ələsgərovanın həyat hekayəsi də məhz belə başlayıb. O, misirli Məhəmmədlə ailə qurub və hazırda həyat yoldaşı ilə birlikdə Vyetnamda yaşayır.

İki fərqli ölkə, iki fərqli mədəniyyət, amma ortaq bir həyat… Ülkərlə Məhəmmədi bir araya gətirən nə olub? Ailəsi onun misirli ilə evlənmək qərarını necə qarşılayıb? Azərbaycan və Misir adətləri arasında hansı fərqlər var? Bəs iki fərqli ölkədən olan cütlüyün ailə həyatında dil problemi yaranırmı?

Ülkər Ələsgərova Modern.az-a müsahibəsində tanışlıq hekayəsindən, ailə həyatından, Bakıda keçirilən toylarından, Misir təəssüratlarından və Vyetnamdakı yaşamından danışıb.

1551534

– Ülkər xanım, Məhəmməd bəylə ilk dəfə necə və harada tanış olmusunuz?

– Məhəmmədlə ilk dəfə beş il əvvəl Türkiyənin Antalya şəhərində tanış olmuşuq. Mən həmin vaxt Türkiyəyə təzə köçmüşdüm və özəl bağçada ingilis dili müəllimi kimi işləməyə başlamışdım. Məhəmməd isə dənizçidir.

O, hər il təxminən dörd ay dənizdə, iki ay evdə olur. Bəzən bu müddət beş-altı aya qədər də uzanır.

Mən Türkiyəyə köçdüyüm vaxt onun da tətil dövrü idi və tətilini keçirmək üçün Antalyaya gəlmişdi. Orada xaricilərlə yerli insanların ünsiyyət qurması üçün “language exchange” adlı görüşlər təşkil olunurdu. Həm türklər, həm də xaricilər həmin tədbirlərə qatılırdılar.

Məhəmməd məni ilk dəfə orada görmüşdü. Mən isə ona fikir verməmişdim. İkinci dəfə həmin görüşə gedəndə onu gördüm və söhbət etdik.

Türk rəfiqələrim də mənimlə birlikdə idi. Onlar ingiliscə bilmirdilər deyə, ən çox mən danışırdım. İlk dəfə görəndə xoşuma gəlmişdi. Rəfiqələrim də onu bəyəndilər və “Nə yaxşı oğlandır, gedək tanış olaq” dedilər.

Aramızda ingilis dilini bilən mən olduğum üçün onunla mən danışdım (gülür). Zarafat bir yana, həqiqətən də belə olmuşdu.

1551535

– Ailəniz misirli oğlanla evlənmək istədiyinizi eşidəndə necə reaksiya verdi?

– Birinci təəccüblənmişdilər. Atamın verdikləri ilk sual “O, müsəlmandır?” oldu.

Sonra onlara Misir haqqında məlumat verdim. Dedim ki, “Bəli, müsəlmandır. Həm də belə oğlandır, elə oğlandır…” və s. 

Əslində, çox da şok olmadılar. Çünki mən onsuz da illərdir xaricdə yaşayırdım. Ona görə də belə bir nəticə onlar üçün müəyyən qədər gözlənilən idi.

– Məhəmməd sizin üçün Azərbaycana gələndə onu ən çox təəccübləndirən nə olmuşdu?

– Əslində, Məhəmməd ilk dəfə 2018-ci ildə Bakıda olub. Həmin vaxt mən də Bakıda olmuşam, amma rastlaşmamışıq. Ona görə onun üçün ilk Bakı səfəri deyildi və elə də böyük şok yaşamadı.

– Bəs siz Misirə ilk dəfə gedəndə “Mən burada necə yaşayacağam?” dediyiniz an olub?

– Bəli, Misirin, daha doğrusu, Qahirənin xaotikliyi məni çox təəccübləndirdi. Xüsusilə köhnə şəhər tərəflərində küçələrin vəziyyəti, binalar və zibilliklər diqqətimi çəkdi. Zibil qabları az olduğu üçün ətrafda çoxlu zibil görmək olurdu.

İlk dəfə gedəndə belə vəziyyətə öyrəşməmişdim və bir qədər şok olmuşdum. Sonra ikinci dəfə gedəndə gördüm ki, bəzi binaların fasadları və digər yerlər yenilənir, vəziyyət getdikcə yaxşılaşır.

Amma Misirin tarixi və mədəniyyəti çox maraqlıdır. Qahirəli oğlana ərə getdiyim üçün piramidaları həyat yoldaşımla birlikdə ziyarət etmək mənim üçün xüsusilə maraqlı idi. Həqiqətən də möhtəşəm və nəhəng idilər.

– Həyat yoldaşınızın ailəsində sizi ən çox təəccübləndirən adət hansı olub?

– Ailəsi ilə bağlı çox adət-ənənə yadıma gəlmir. Amma rəqsləri bir qədər fərqlidir.

Məsələn, qardaşının nişanında olmuşdum. Bizdə daha müxtəlif rəqslər oynanılır. Onlarda isə daha çox toplu şəkildə oynayırlar. Nişanın əvvəlindən axırına qədər mahnıların sözlərini birlikdə oxuyur, bir növ qarşılıqlı şəkildə oynayırlar. Mənə bir az qəribə gəlmişdi. 
 

1551536

– Məhəmməd Azərbaycan dilində hansı sözü maraqlı şəkildə tələffüz edir?

– Təəssüf ki, Azərbaycan dilində çox söz bilmir. “Salam”, “necəsən” kimi sözləri bilir.

Adları tələffüz etməkdə də çətinlik çəkir. Məsələn, “ü” səsini deyə bilmir. Mənim adım Ülkər olsa da, “Ulkar” kimi səsləndirir. Nə qədər çalışsam da, adımı bizim dildəki kimi deyə bilmir.

Mən də onun adını öz ölkəsində necə tələffüz edildiyi kimi demirəm. Onlarda “h” hərfinin iki cür tələffüzü var. Mən isə Azərbaycanda necə “Məhəmməd” deyiriksə, elə çağırıram. Əslində, onun da xoşuna gəlir ki, onu belə çağıran bircə mənəm. 

Maraqlıdır ki, ikimiz də bir-birimizin adını düzgün tələffüz edə bilmirik. 

O, əvvəllər türk filmlərinə baxıb və türk dilində bəzi ifadələri bilir. Məsələn, nəsə olanda “O iş bəndə” deyir. Ailəmə, qohumlarıma da bu çox gülməli gəlir. Özü də ifadəni yerində işlətməyə çalışır. 

– Toyunuz necə oldu? Azərbaycan və Misir adətlərini birləşdirməyə çalışdınızmı?

– Toyu Bakıda etdik. Ona görə də Misirdə toy adətlərinin necə olduğunu çox da bilmirəm. Məncə, bizim toylarımız çox qəşəngdir.

Elçilik, nişan, xına və toy mərasimlərinin hamısı beş gün ərzində oldu. Ayın 3-də istədilər, 6-da nişanlandıq və xınamız oldu, 9-da isə toy etdik. Bir həftənin içində bütün mərasimləri edib qurtardıq. 

1551539

Bacardığımız qədər adət-ənənələrimizi yerinə yetirməyə çalışdıq. Amma o, ancaq anası ilə gəldiyi üçün bəzi şeyləri özümüz hazırladıq. Məsələn, xonçanı özümüz hazırladıq, çünki onlar xonçanın necə hazırlandığını bilmirdilər. 

Anamın rəfiqələri və iş yoldaşları da kömək etdilər, oğlan evi kimi xonça və digər şeyləri gətirdilər. Əslində, çox gülməli idi.

Bir az yorucu oldu, çünki hər şey tərcümə edilə-edilə keçirdi. Amma həm toyumuz, həm də nişanımız maraqlı və fərqli alındı.

– Azərbaycan mətbəxi, yoxsa Misir mətbəxi?

– Mənim üçün Azərbaycan mətbəxinin yerini heç nə verə bilməz.

Bir neçə ölkədə yaşamışam. Misir mətbəxi onların arasında ən çox bəyəndiyim mətbəxdir. Çünki bizim mətbəxə çox yaxındır. Amma yenə də bizim yeməklərin yerini verə bilməz. Məncə, bizim yeməklərimiz daha dadlıdır.

Onların yeməkləri də dadlıdır, sadəcə daha çox ədviyyatdan istifadə olunur. Ona görə dadında fərqlilik hiss olunur.

– Bəs sizin sevdiyiniz Misir yeməyi hansıdır?

– Kabab hazırlayırlar, bizdəki kimi tikə kabab. Toyuq kababını da xoşlayıram.

Bir də çox sadə, küçə yeməyi deyə biləcəyimiz bir yeməkləri var. İçində noxud, mərcimək, vermişel, makaron və başqa ərzaqlar olur. Beş-altı cür paxlalı və xəmir məhsulundan hazırlanır. Üstünə qovrulmuş soğan və tomatlı sous əlavə edirlər. Çox sadə səslənir, amma dadı çox fərqlidir. Misirə gedəndə mütləq yeməlisən.

– Məhəmməd Azərbaycan mətbəxindən ən çox hansı yeməyi sevir?

– Qozlu-toyuqlu salatı çox sevir. Sonra bizim plovu, xüsusilə aşqaranı xoşlayır. İçində şabalıd, turşu, qovrulmuş ət və başqa ərzaqlar olan plovu çox bəyənir.

Hətta indi yaxın vaxtda dənizdən gələcək. Soruşuram ki, “Hansı yemək üçün darıxmısan?” Deyir ki, “Aş bişirirdin, aş istəyirəm, Azərbaycan üsulunda”.

Mərcimək şorbasını da sevir. Amma məncə, ən çox sevdiyi yeməklər aş və qozlu-toyuqlu salatdır.

1551540

– İki fərqli mədəniyyətə sahib olmağınız ailə həyatınıza təsir edir?

– Əslində, hər ikimiz müsəlman olduğumuza görə fərqliliyi çox da hiss etmirəm. Həm o, daha geniş dünyagörüşünə sahibdir, açıq fikirli və moderndir. Ona görə də ciddi bir fərq hiss etmirəm.

– Bir-birinizin dilini bilmədən münasibət qurmaq və bunu uzun müddət davam etdirmək mümkündür?

– Əslində, həmişə ingilis dilində danışırıq. Mən onun dilini bilmirəm, o da bizim dili bilmir. Amma heç vaxt elə bir ehtiyac olmayıb ki, nəyisə əl-qolla başa salaq. Həmişə rahat danışmışıq, fikrimizi bir-birimizə izah etmişik.

Bilmirəm, necə deyim, bir-birimizlə dil tapmaq rahat olub. (gülür)

Məsələn, Məhəmməd zoğal mürəbbəsini çox sevir. Zoğalın nə olduğunu nə qədər izah etməyə çalışsam da, bacarmamışdım. Sonra şəklini tapıb göstərdim ki, əslində bu meyvədir.

Zoğal mürəbbəsini də ona izah etmişdim ki, biz xəstə olanda zoğal mürəbbəsi ilə çay içirik. O isə bunu səhv başa düşmüşdü, xəstə olmayanda da içirdi. 

Mən Misirə gedəndə özümlə bir banka aparmışdım. Sonra hər axşam bir stəkan zoğallı çay hazırlayıb içməyə başladı.

Azərbaycan çayını da çox sevir. Misirdə də qara çay var, amma bizim çayın daha dadlı olduğunu deyir. Ona görə anam ona əlavə zoğal mürəbbəsi göndərir.

1551541

– Heç olubmu ki, sadəcə jestlərlə anlaşmalı olmusunuz?

– Dil məsələsində heç vaxt jestlərlə, əl-qolla anlaşmalı olmamışıq. Bir-birimizi yaxşı başa düşə bilirik. 

Məncə, insanlar bir-birinə uyğun olsalar, nə dinin, nə dilin, nə də ölkənin o qədər də əhəmiyyəti yoxdur. Əsas odur ki, dünyagörüşün, dünyaya baxışın, məqsədlərin və həyatdan gözləntilərin bir-birinə uyğun olsun.

Qalan şeylər düzələ bilən şeylərdir. 

Gülər Hüseynli