
Bakı. Trend:
2030-cu illərdə daşımaların həcminin artması ilə aktuallaşa
biləcək əməliyyat məhdudiyyətlərinin aradan qaldırılması üçün Orta
Dəhlizə əlavə investisiyaların nəzərdən keçirilməsi tələb
olunacaq.
Dünya Bankının “İnteqrasiya: Transxəzər Nəqliyyat Dəhlizi
boyunca qabaqcıl ticarət logistikası” hesabatında qeyd olunub ki,
Orta Dəhlizin inkişafı yalnız nəqliyyat infrastrukturuna
investisiyaların yatırılmasını deyil, həm də transsərhəd
əməkdaşlığın təkmilləşdirilməsini, ticarət prosedurlarının
sadələşdirilməsini və nəqliyyat xidmətlərinin keyfiyyətinin
artırılmasını tələb edəcək.
Hesabata görə, ilkin mərhələdə bütün marşrut boyunca dəmir
yolları və avtomobil yollarının, dəniz limanlarının, sərhəd-keçid
məntəqələrinin və daxili limanların genişləndirilməsi,
modernləşdirilməsi və yenilənməsi zəruridir. Bu investisiyalar
prioritetlərə uyğun və əlaqələndirilmiş şəkildə həyata
keçirilməlidir.
Dünya Bankı qeyd edir ki, hazırda Xəzər dənizi vasitəsilə
daşınan yüklərin 92 faizini taxıl, gübrə, tikinti materialları və
yanacaq kimi yüklər təşkil edir: “Belə daşımalar üçün nəqliyyat
imkanlarının mövcudluğu və birbaşa nəqliyyat xərclərinin mümkün
qədər aşağı olması əsas əhəmiyyət daşıyır”.
“Orta Dəhliz inkişaf mərhələsində olduğundan, infrastruktur
investisiyalarının əsas hissəsinə qısamüddətli perspektivdə,
xüsusilə 2030-cu ilə qədər ehtiyac var. Bu, marşrut üzrə artıq
mövcud olan “darboğazların” aradan qaldırılmasına imkan
verəcək.
Bununla yanaşı, 2030-cu illərdə daşımaların həcminin artması ilə
aktuallaşa biləcək əməliyyat məhdudiyyətlərinin aradan qaldırılması
üçün əlavə investisiyaların nəzərdən keçirilməsi tələb
olunacaq.
Bununla belə, logistikanın səmərəliliyinin artırılması və yeni
yük göndərənlərin cəlb edilməsi üçün yalnız infrastrukturun
inkişafı kifayət etməyəcək.
Dəhliz iştirakçısı olan ölkələrin iqtisadiyyatları şaxələndikcə,
həmçinin Şərqi Asiya və Avropadan olan yük göndərənlərin yüksək
əlavə dəyərə malik və çatdırılma müddətinə həssas yüklərin
daşınmasına marağı artdıqca, nəqliyyat xidmətlərinin keyfiyyətinin
yaxşılaşdırılmasına və daşımaların əlaqələndirilməsinə ehtiyac da
artacaq.
Dəhlizin tam yük və iqtisadi potensialının reallaşdırılması
üçün, həmçinin transsərhəd əməkdaşlığın yaxşılaşdırılması,
ticarətin asanlaşdırılması və göstərilən xidmətlərin keyfiyyətinin
artırılması tələb olunacaq”, – deyə hesabatda qeyd olunur.
Dünya Bankı vurğulayır ki, müvafiq islahatlar və yeni yanaşmalar
artıq qısamüddətli perspektivdə hazırlanmalı və tətbiq edilməlidir:
“Lakin onların transformativ xarakteri bu tədbirlərin həyata
keçirilməsinin uzunmüddətli proses olacağını və növbəti 10-15 il
çəkə biləcəyini nəzərdə tutur”.
Qeyd olunur ki, bu proses müxtəlif yanaşmaların sınaqdan
keçirilməsini, toplanmış təcrübənin bölüşdürülməsini, beynəlxalq
koordinasiyanı və əldə olunan nəticələrə, eləcə də kursun
korreksiyasına olan zərurətə əsaslanmaqla qərar qəbuletmə
mexanizmlərinin təkmilləşdirilməsini tələb edəcək.

