Dünya Bankı Azərbaycanda Orta Dəhlizin inkişafı üçün prioritet layihələri açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Dünya Bankı Azərbaycanda Orta Dəhlizin inkişafı üçün
üç prioritet infrastruktur layihəsi müəyyən edib.

Dünya Bankının “İnteqrasiya: Transxəzər Nəqliyyat
Dəhlizi boyunca qabaqcıl ticarət logistikası” hesabatında qeyd
olunub ki, siyahıya Bakı–Ələt–Böyük Kəsik dəmir yolu xəttinin
modernləşdirilməsi və daha da genişləndirilməsi, həmçinin milli
quru limanlar şəbəkəsinin yaradılması layihələri daxil edilib.

Birinci layihə Bakı–Ələt–Böyük Kəsik dəmir yolu
xəttinin hazırda davam edən modernləşdirilməsinin başa
çatdırılmasıdır. Bank qeyd edib ki, bu xətt Azərbaycanda Orta
Dəhlizin əsasını təşkil edir. Hazırda xətt üzrə yeni
elektrikləşdirmə sisteminin tətbiqi və siqnalizasiya sisteminin
yenilənməsi də daxil olmaqla, modernləşdirmə işləri aparılır.

Layihənin təxmini dəyəri 260 milyon dollar təşkil
edir. Layihə icra mərhələsindədir və qısamüddətli investisiya
prioritetlərinə aiddir. Özəl sektorun iştirakı nəzərdə
tutulmayıb.

İkinci prioritet istiqamət milli quru limanlar
şəbəkəsinin inkişaf etdirilməsidir. Layihə Orta Dəhlizin Qara dəniz
və Türkiyə istiqamətlərinə xidmət göstərmək üçün Böyük Kəsik
sərhəd-keçid məntəqəsi ərazisində, Bakı şəhərində Bakı Limanının
genişləndirilmiş giriş qapısı və Orta Dəhlizə dəstək məqsədilə,
həmçinin Azərbaycan və Ermənistan üzərindən Qarsa qədər təklif
olunan yeni BTK marşrutunu dəstəkləmək üçün cənub logistika
qovşağının yaradılmasını nəzərdə tutur.




Layihənin təxmini dəyəri 300 milyon dollar
qiymətləndirilir. Layihə ilkin texniki-iqtisadi əsaslandırma
(Pre-FS) mərhələsindədir, qısamüddətli dövrə aiddir və özəl
sektorun “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə iştirakını
nəzərdə tutur.

Üçüncü layihə perspektivdə Bakı–Ələt–Böyük Kəsik
dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılmasıdır.

Dünya Bankının qiymətləndirməsinə görə, 2030-cu
illərdə Orta Dəhliz üzrə daşımaların həcminin artımını təmin etmək
üçün xəttin daha da genişləndirilməsi və modernləşdirilməsi,
ehtimal ki, tələb olunacaq.

Layihənin təxmini dəyəri 600 milyon dollar təşkil
edir. Layihə ilkin texniki-iqtisadi əsaslandırma mərhələsindədir və
ortamüddətli investisiya layihələrinə aiddir. Özəl sektorun
iştirakı nəzərdə tutulmayıb.

Beləliklə, qeyd olunan üç layihə üzrə ümumi təxmini
investisiya həcmi 1,16 milyard dollar təşkil edir.