Gürcüstanda çox sayda qanunsuz miqrant saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin
əməkdaşları son günlər ərzində respublika ərazisində qanunsuz
yaşayan 53 əcnəbini saxlayıb.

Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat
xidmətinin məlumatında bildirilir.

Nazirliyin məlumatına görə, saxlanılanlar arasında Qana,
Zimbabve, Hindistan, İordaniya, Keniya, Kuba, Rusiya, Türkmənistan,
Türkiyə, Uqanda, Filippin və Efiopiya vətəndaşları var.




Hüquq-mühafizə orqanları qanunsuz miqrantların yaşadığı yerlərdə
axtarışlar aparıblar. Həmçinin onların iş yerləri yoxlanılıb və
nəticədə onların ölkədə miqrasiya qanunvericiliyini pozaraq
yaşadıqları müəyyən edilib. Hazırda bütün saxlanılan şəxslər
miqrantlar üçün nəzərdə tutulan müvəqqəti təcrid etmə mərkəzinə
aparılıb, onların ölkədən çıxarılması istiqamətində işlər
görülür.

Gürcüstanda son vaxtlar qeyri-qanuni miqrasiyaya qarşı aktiv
mübarizə aparılır. Ölkə parlamenti miqrasiya qanunvericiliyini
sərtləşdirərək deportasiya prosedurlarını və miqrantların
yoxlanılması qaydalarını sadələşdirib