
Bakı. Trend:
Oruc tutarkən imsak və iftar arasındakı uzun müddət ərzində
enerji səviyyəsinin stabil saxlanılması əsasən düzgün qida seçimi
və metabolik tarazlığın qorunmasından asılıdır.
Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, elmi tədqiqatlar göstərir ki, kompleks
karbohidratlar, yüksək keyfiyyətli zülallar və sağlam yağlar qanda
qlükoza səviyyəsinin daha stabil qalmasına kömək edir və
uzunmüddətli toxluq hissi yaradır:
“İmsak zamanı tam taxıl məhsulları, yulaf, qara çörək, kəpəkli
taxıllar, yumurta, qatıq, pendir, qoz‑fındıq və zeytun kimi qidalar
tövsiyə olunur. Çünki bu məhsulların glisemik indeksi aşağıdır və
enerji tədricən sərbəst buraxılır. Eyni zamanda kifayət qədər maye
qəbulu çox vacibdir, çünki susuzlaşma yorğunluq, baş ağrısı və
diqqətin azalmasına səbəb ola bilər”.
Mütəxəssis-ekspert bildirib ki, iftar zamanı isə ani olaraq çox
miqdarda sadə şəkər və ağır yağlı qidaların qəbulu qanda qlükozanın
sürətlə yüksəlməsinə və daha sonra sürətlə düşməsinə səbəb olaraq
halsızlıq yarada bilər:
“Buna görə iftarı su, xurma və ya yüngül şorba ilə başlamaq,
sonra isə balanslaşdırılmış şəkildə zülal mənbələri (balıq, toyuq,
paxlalılar), kompleks karbohidratlar və tərəvəzlərlə davam etmək
metabolik sabitliyi qorumağa kömək edir. Bundan əlavə, liflə zəngin
qidalar həzm prosesini tənzimləyir və bağırsaq fəaliyyətini
yaxşılaşdırır”.


