Füzulinin bərpası Azərbaycanın Qarabağdakı quruculuq əzmini dünyaya nümayiş etdirir – Xanlar Fətiyev

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsinin 5-ci
ili tamam olur. Füzuli şəhərinin azad olunması Azərbaycan Silahlı
Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazandığı strateji
uğurlardan biridir. Belə ki, bu hadisə yalnız hərbi qələbə deyil,
həm də psixoloji üstünlük olmaqla, müharibənin gedişinə əhəmiyyətli
dərəcədə təsirini göstərdi, xalqımızın zəfər ovqatını daha da
yüksəltdi.

Bunu Milli Məclisin deputatı Xanlar Fətiyev Trend-ə açıqlamasında
bildirib.

Millət vəkili Füzulinin işğaldan azad olunmasını xatırladıb:

“Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun
23-də işğal olunmuşdu. 1994-cü ilin yanvar ayında isə xalqımızın
Ulu Öndəri Heydər Əliyevin yenidən qurduğu Azərbaycan Ordusu Füzuli
rayonu istiqamətində uğurlu əks-hücum əməliyyatları keçirmiş, 22
yaşayış məntəqəsini, o cümlədən Horadiz qəsəbəsini işğaldan azad
etmişdi.

Xalqımız torpaqlarımızın azad olunmasına inamını heç vaxt
itirmədi. O cümlədən Füzuli ictimayyəti əmin idi ki, doğma
rayonları düşməndən mütləq geri alıncaq. Prezident İlham Əliyev
hələ 2016-cı il noyabrın 12-də Füzuli rayonunda məcburi köçkünlər
üçün salınan yeni qəsəbənin açılış mərasimində demişdi:

«Bu, bizim dədə-baba torpağımızdır. Biz o torpaqlara
qayıdacağıq, necə ki, buraya – Horadizə qayıtdıq, Lələtəpəyə
qayıtdıq. Digər torpaqlara da qayıdacağıq».

44 günlük Vətən müharibəsi Azərbaycan Prezidentinin bu
sözlərinin təsdiqinə çevrildi. 2020-ci il sentyabrın 27-də başlanan
bu savaş ilk gündən torpaqlarımızın azad edilməsi ilə nəticələndi.
Suqovuşanın, Cəbrayılın, Hadrutun ardınca, Füzuli şəhərinin də
işğaldan azad edilməsi ordumuzun Vətən müharibəsindəki növbəti
hərbi zəfəri oldu”.

Xanlar Fətiyev qeyd edib ki, Füzuli uğrunda döyüşlər Vətən
müharibəsinin ən ağır döyüşlərindəndir:

“Hələ atəşkəs dövründə düşmən Füzuli rayonunda mürəkkəb və bir
neçə mərhələli müdafiə qurğuları yaratmış, döyüş mövqelərini
çoxsaylı istehkamlarla möhkəmləndirmişdi. Lakin qəhrəman ordumuz
Vətən müharibəsinin ilk saatlarından Füzuli rayonu istiqamətində
cəbhə xəttini yarmış, ermənilərin fəxrlə keçilməz hesab etdirkləri
və «Ohanyan səddi» adlandırdıqları istehkamları və
möhkəmləndirilmiş müdafiə qurğularını döyüşlərin ilk saatlarında
düşməndən təmizləmişdi. Təsadüfi deyil ki, Füzulinin Qaraxanbəyli,
Qərvənd, Horadiz və Aşağı Əbdürrəhmanlı kəndləri Vətən
müharibəsinin ilk azad olunan yaşayış məntəqələridir.

«Qaraxanbəyli kəndi müharibənin ilk günündə – sentyabrın 27-də
azad edildi. Bax, biz məhz buradan, o istiqamətdən öz şərəfli
missiyamızı icra etməyə başladıq və düşməni torpaqlarımızdan
qovduq» -deyə Prezident İlham Əliyev bildirib.




2020-ci il oktyabr ayının 17-də Füzuli şəhəri uğrunda döyüşlərdə
isə ordumuzun şücaəti qarşısında davam gətirə bilməyən düşmən
silahını yerə qoyub qaçmışdı. Prezident İlham Əliyevin həmin gün
xalqa müraciətində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı,
Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərinin və Füzuli
şəhərinin işğaldan azad olunduğunu bəyan etməsi Azərbaycan xalqının
Zəfər ovqatını daha da gücləndirdi, düşmənin tam məğlub ediləcəyi
tarixin uzaqda olmadığını göstərdi. Şəhərin azad olunması ordumuza
yeni strateji üstünlük qazandırdı ki, bu da növbəti hücum
əməliyyatlarının uğurla həyata keçirilməsində mühüm əhəmiyyət kəsb
etdi”.

Deputat bərpa və yenidənqurma işlərinə toxunaraq bildirib ki,
hazırda işğaldan azad edilən digər rayonlarımız kimi Füzuli rayonu
da böyük tikinti və quruculuq meydanını xatırladır.

“Öncə onu qeyd edək ki, Füzuli cənab Prezident İlham Əliyevin
Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində ən çox olduğu
rayonlardandır. Dövlət başçısının bura hər gəlişi isə təməlqoyma və
ya açılış mərasimləri ilə əlamətdar olub. İşğaldan azad edilən
rayonlarda ilk və həm də nəhəng infrastruktur layihələrinin icrası
da Füzulidən başlayıb. Belə ki, 2020-ci il noyabr ayının 16-da
Füzuliyə səfər edən Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin
gün rayonda 101 km-lik Füzuli-Şuşa avtomobil yolunun – Zəfər
yolunun təməlini qoymuşdu. 2021-ci ilin yanvar ayında isə rayonda
81,7 km-lik Əhmədbəyli-Füzuli-Şuşa yolunun, həmçinin Füzuli
Beynəlxalq Hava Limanının təməlləri qoyulmuşdu. Zəfər yolunun və
Füzuli Beynəlxalq Hava Limanının inşası 2021-ci ildə,
Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi isə 2025-ci ilin iyulunda
başa çatdırıldı. Bu nəhəng infrastrukturları Azərbaycan dövləti
özünün daxili imkanları hesabına yaratdı və bütün bunlar
dövlətimizin qüdrətinin, işğaldan azad olunan ərazilərimizi bərpa
etmək əzminin təcəssümünə çevrildi.

Ümumilikdə isə Füzuli rayonunun quruculuğu kompleks məzmun
daşıyaraq həyatın bütün sahələrini əhatə edir. Belə ki, indiyə kimi
rayonda qeyd edilən infrastrukturlarla yanaşı, Füzuli-Hadrut yolu,
110/35/10 kilovoltluq “Füzuli” yarımstansiyası istifadəyə verilib.
Həmçinin Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal
Yarımstansiya və İdarəetmə Mərkəzinin və Köndələnçay su anbarının
açılışı olub. Füzuli şəhərində peşə liseyinin, 180 çarpayılıq
xəstəxananın, idman kompleksinin, 240 yerlik uşaq bağçasının, eləcə
də rayon ərazisində Ağdam-Füzuli yolunun inşası davam edir”, – deyə
o bildirib.

Xanlar Fətiyev əlavə edib ki, Füzuli şəhərinin bərpasına dost
Özbəkistan və Qazaxıstan dövlətləri də öz töhfələrini veriblər.
Belə ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü
ilə Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunub.
Qazaxıstan tərəfindən isə Füzuli şəhərində Kurmanqazı adına Uşaq
Yaradıcılıq Mərkəzi inşa edilib. Həm orta məktəb, həm də Uşaq
Yaradıcılıq Mərkəzi Azərbaycanla Özbəkistan və Qazaxıstan
arasındakı dostluğun rəmzini təcəssüm etdirir.

2023-cü il avqustun 18-dən isə Füzuli şəhərinə keçmiş məcburi
köçkünlərin qayıdışı başlanılıb və bu proses artan templə davam
edir. Bu vaxta kimi şəhərə 824 ailə (3141 nəfər) köçürülüb. Böyük
Qayıdış Proqramının birinci mərhələsində – 2026-cı ilin sonunda
Füzuli rayonunda ümumiliklə 22 min nəfərin yaşaması
planlaşdırılır.

“Prezident İlham Əliyevin «Azərbaycan Respublikasının işğaldan
azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi
haqqında» 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 17 oktyabr
Füzuli şəhəri günü kimi müəyyən olub. Bəli, biz artıq Füzulinin
işğalı tarixini deyil, işğaldan azad olunduğu tarixi böyük qürurla
qarşılayırıq. 17 oktyabr tarixinin Füzuli şəhəri günü kimi müəyyən
olunması həm siyasi-mənəvi, həm də xalqımızın qələbə irsinin
gələcək nəsillərimizə çatdırılması baxımından böyük əhəmiyyət kəsb
edir.

Qeyd edək ki, Füzuli rayonunda bərpa və quruculuq işləri
kəndləri də əhatə edir. Dövlətyarlı kəndi «Ağıllı kənd» konsepti
ilə bərpa olunur. Eləcə də indiyə kimi Dədəli, Cuvarlı, Qoçəhmədli,
Qarğabazar, Pirəhmədli və Qaraxanbəyli kəndlərinin təməlləri
qoyulub. Tezliklə bu kəndlərin hər biri doğma sakinlərini
qarşılayacaq.

Füzuli rayonu işğal dövründə düşmən tərəfindən tamamilə
dağıdılmış, yerlə yeksan olunmuşdu. Bu gün isə Prezident İlham
Əliyevin qətiyyəti ilə bu rayon yenidən qurulur, doğma sakinlərinə
qucaq açır. Füzuli öz dirçəlişi ilə həm də Azərbaycan dövlətinin
qüdrətini və işğaldan azad edilmiş ərazilərimizdəki quruculuq
əzmini dünyaya nümayiş etdirir”, – deyə millət vəkili bildirib.