Şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin ardıcıl artırılması təmin edilir – RƏY + FOTO

Cəmiyyət

“Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik” deyən Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amili, sosial rifahın təminatı dayanır. Bunun nəticəsi olaraq ölkəmizdə vətəndaş rifahının təminatına xidmət edən mühüm addımlar atılır. Həmçinin, Prezidentin müsahibəsində qeyd etdiyi kimi, son illərin təcrübəsi göstərir ki, bunlar bir dəfə deyil, müntəzəm olaraq atılan addımlardır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov “resmixeber.az”a bildirib ki, dövlət başçısının bu günlərdə imzaladığı sərəncamla son beş ildə ölkəmizdə artıq dördüncü sosial islahat paketi reallaşdırılır.

O qeyd edib ki, bu Sərəncamla aylıq minimum əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırıldı və bu artım vahid tarif cədvəli üzrə işləyənlər də daxil olmaqla 700 min işçini əhatə edir:

“Bir sıra sahələrdə işləyənlərin əməkhaqlarında orta hesabla 15 faiz artımlar edildi. Yeni fərman və sərəncamlarla ölkədə müavinət və təqaüdlərin növbəti dəfə artırılması təmin olundu, o cümlədən şəhid ailələri və əlilliyi olan şəxslərin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin müavinətləri və təqaüdləri, doktorant və tələbələrin təqaüdləri və s. də artırıldı. Məlum olduğu kimi, inflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib və dünya iqtisadiyyatına fəal inteqrasiya olunmuş ölkəmizə də idxal olunub. Lakin bu növbəti geniş sosial islahat paketi Azərbaycan dövlətinin dünya üçün bu böhranlı vəziyyətdə, inflyasiya halında da daim öz vətəndaşının yanında olaraq ona dəstək olduğunu bir daha sübut edir.

Prezident İlham Əliyev öz müsahibəsində bildirib: “Biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir”. Qeyd edim ki, minimum pensiyanın 280 manata çatdırılması barədə də Nazirlər Kabineti tərəfindən dövlət başçısına təkliflər təqdim ediləcək. Minimum aylıq pensiya artımı da 100 minədək şəxsin pensiyasının artmasına imkan verəcək”.

Nazirlik rəsmisi vurğulayıb ki, ümumilikdə son beş ildə sosial sahədə ardıcıl xarakter alan inqilabi sosial islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb:

“Minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılır. Həmçinin 2018-2022-ci illərdə orta aylıq əməkhaqqı 52 faiz, orta aylıq pensiya 80 faiz, müavinət və təqaüd ödənişləri 3,5 dəfə, pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə ayrılan illik vəsait 80 faiz artıb, əməkhaqqı fondunda 2,3 dəfə artıma nail olunub. Həmin dövrdə, yəni 2018-2022-ci illərdə dörd milyon insanı əhatə edən üç islahat paketi üzrə əlavə olaraq illik 6 milyard manat ayrılıb və yeni, dördüncü sosial islahat paketi – 2023-cü ildə 1,9 milyon insanı əhatə edən sosial islahat paketi üzrə də illik daha 750 milyon manat əlavə vəsait nəzərdə tutulub”.

F.Talıbov əlavə edib ki, yeni artım da daxil olmaqla son beş ildə minimum pensiya 2,5 dəfə artıma nail olunub, orta aylıq pensiya 2018-2022-ci illərdə 80 faiz artıb:

“Digər tərəfdən, Prezident İlham Əliyevin ötən il təsdiq etdiyi yeni qanunla 2023-cü ildən artıq pensiya artımında vahid indeksasiya metoduna keçilib ki, bu da bütün növ pensiyalarda hər il indeksasiya əsaslı artıma imkan verir. Həmçinin ötən il pensiyaçılara verilən maddi yardımlar bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib. Növbəti mərhələdə isə bütün növ pensiyalar orta aylıq nominal əməkhaqqının ötən il üzrə artımına dair rəsmi statistik göstərici əsasında bu ilin əvvəlindən indeksləşdirilərək artırılacaq. Prezidentin şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olanlara xüsusi qayğısı nəticəsində onlara yönələn sosial ödənişlərin də ardıcıl olaraq artırılması təmin edilir. Bu yeni sosial islahat paketi üzrə də bu istiqamətdə yeni artımlar edilib.

Eyni zamanda Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlar üçün mənzillə təminat proqramı beş dəfə genişlənib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Keçən il bu istiqamətdə də önəmli addımlar atılıb, bu kateqoriyadan olan 1 500 ailəyə dövlət tərəfindən mənzillər verildi. 2021-ci ildə isə üç min mənzil verildi. Bu il də ən azı 1 500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək. Bu günə qədər 13 min ailə mənzillə təmin olunub”.

Onun sözlərinə görə, keçmiş məcburi köçkünlər üçün Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında tikilmiş binalardakı istifadəsiz mənzillərin də yaxın günlərdə onlayn qaydada satışına başlanacaq və satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.

“Bildiyiniz kimi, şanlı Zəfərimizin qəhrəmanları olan, müharibədə əzalarını itirmiş qəhrəman hərbçilərimiz Prezident İlham Əliyevin göstərişi əsasında qısa müddətdə yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunublar. Yerli televiziya kanallarına müsahibəsində də Prezident İkinci Qarabağ müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərin ən müasir protezlərlə təmin edildiyinə diqqət çəkərək deyib: “Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Bu proqramın icrası mətbuatda da işıqlandırılıb. Hər kəs görə bilir ki, bizim qazilərimiz hətta futbol oynaya bilirlər”. Müharibədə yaralanaraq əzalarını itirmiş, lakin ən müasir protezlərlə təmin edilərək yenidən fəal həyata davam edən igid hərbçilərimizin iştirakı ilə bir müddət əvvəl ictimaiyyət tərəfindən də böyük maraqla qarşılanan futbol yarışı da təşkil olunub, bununla bağlı hazırlanmış videoçarx da geniş yayımlanıb”, – şöbə müdiri vurğulayıb.

“Aztəminatlı ailələrin rifahında mühüm rola malik ünvanlı sosial yardım proqramının icrasında şəffaflığın təminatı məqsədilə mühüm addımlar atılıb, eyni zamanda həmin ailələrin proqrama əlçatanlığı daha da artırılıb”, – deyən Fazil Talıbov bildirib ki, ünvanlı sosial yardım hesablananda ehtiyac meyarı həddi əsas götürülür.

“Yəni ailənin orta aylıq gəliri ailənin üzvlərinin hər biri üzrə ehtiyac meyarının cəmindən aşağı olduqda ailəyə ortada yaranan fərq qədər yardım təyin olunur. Beləliklə, ehtiyac meyarının artması aztəminatlı ailələrə təyin olunan ünvanlı yardımın da artmasına səbəb olur. Ehtiyac meyarı 2023-cü il üçün 23 faiz artırılaraq 200 manatdan 246 manata çatdırılıb ki, bu da cari ildə ailələrə təyin olunacaq ünvanlı sosial yardımın məbləğlərinin artımı ilə nəticələnəcək. Ümumilikdə, 2023-cü ildə ünvanlı sosial yardımların bir ailəyə düşəcək orta aylıq məbləğinin təxminən 535 manat olacağı gözlənilir ki, bu da 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 36 faiz çoxdur.

Eyni zamanda, həssas əhali qruplarının öz kiçik bizneslərinin qurulmasına, kiçik sahibkarlığa çıxışına imkan yaradan özünüməşğulluq proqramına cəlb olunanların illik sayı proqramın icrasına başlandığı 2017-ci illə müqayisədə 15 dəfəyədək artıb. Prezidentin bildirdiyi kimi, özünüməşğulluq proqramı kiçik biznesi təşviq edən sahədir: “Ancaq mən buna daha çox sosial sahə kimi baxıram. Bir neçə il ərzində belə bir təşəbbüs irəli sürüldü. Çox böyük maraq doğurdu və bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib. Hətta biz beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb etmişik. Bu, həm sosial, həm iqtisadi, həm iş yerlərini, yəni bütün bu sahələri əhatə edən bir sahədir. Ona görə bu il də istisna olmayacaq. Qeyd edim ki, ötən il daha 16 mindən çox şəxsi əhatə edən bu proqrama bu il cəlb olunacaq şəxslərin sayının daha da artırılaraq 17 100-ə çatdırılması nəzərdə tutulur. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi də davam etdiriləcək”.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir