
Bakı. Trend:
Artıq Qırğızıstana, Qırğızıstandan və ölkə ərazisindən tranzit
uçuşlar həyata keçirərkən bütün şirkətlər sərnişinləri təyyarə
göyərtəsində qırğız dilində məlumatlandırmalı olacaqlar.
Bu barədə “Qırğızıstan Hava Limanları” ASC-nin “Telegram”
kanalında məlumat verilib.
Yeni tələblər respublikaya beynəlxalq reyslər həyata keçirən həm
milli, həm də xarici aviadaşıyıcılara şamil edilir. Əvvəllər
göyərtədə elanlar, bir qayda olaraq, ingilis, rus və uçuşun
başladığı ölkənin dilində səsləndirilirdi.
Yeni qaydalara əsasən, təhlükəsizlik təlimatları, fövqəladə
hallar zamanı davranış qaydaları, uçuş və enişlə bağlı məlumatlar,
eləcə də digər məcburi elanlar qırğız dilində də
səsləndirilməlidir. Bununla yanaşı, həmin məlumatların məzmunu
digər dillərdə səsləndirilən mətnlərlə tam eyni olmalıdır.
Aviaşirkət rəhbərlərinə qırğız dilində bütün zəruri elanların
rəsmi mətnlərini hazırlamaq və yeni tələblərin şamil olunduğu bütün
reyslərdə onlardan istifadə etmək tapşırılıb.

