
Bakı.Trend:
Qazaxıstan Milli Məhsul Kataloqunun (MMK) tərəfdaş ölkələrin
rəqəmsal platformaları ilə inteqrasiyasını strateji istiqamət kimi
nəzərdən keçirir və bu çərçivədə Azərbaycanla əməkdaşlıq xüsusi
prioritet hesab olunur.
Bunu Trend-ə
Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirinin müavini Aset Nusupov
bildirib.
“Bu istiqaməti strateji əhəmiyyətli hesab edirik. Məntiq
sadədir: əgər Qazaxıstan və Azərbaycan Orta Dəhliz üzrə əsas
tərəfdaşlardırsa, məhsul identifikatorlarının sinxronlaşdırılması o
deməkdir ki, yük limanımızdan çıxan andan etibarən Xəzər dənizini
keçməzdən əvvəl artıq Azərbaycan tərəfinin sistemində görünəcək”, –
deyə A.Nusupov bildirib.
O qeyd edib ki, MMK-nın tərəfdaş ölkələrin rəqəmsal
platformaları ilə inteqrasiyası bir sıra praktik həllərin həyata
keçirilməsinə imkan verəcək.
Xüsusilə, söhbət daxil olan yüklər barədə gömrük orqanlarının
avtomatik əvvəlcədən məlumatlandırılmasından gedir ki, bu da
limanlarda rəsmiləşdirmə müddətini qısaldacaq. Bundan başqa,
sənədlərin rəsmiləşdirilməsi zamanı təkrarlanmaların aradan
qaldırılması üçün məhsul identifikatorlarının qarşılıqlı tanınması,
eləcə də saxta məhsullar və paralel idxalla birgə mübarizə nəzərdə
tutulur.
Nazir müavininin sözlərinə görə, vahid məlumat bazası vicdansız
bazar iştirakçılarının gömrük prosedurlarından keçərkən məhsulların
təsvirini manipulyasiya etmək imkanlarını azaldacaq.
“Qazaxıstan bu istiqamətdə Avrasiya İqtisadi İttifaqı (Aİİ)
ölkələri ilə fəal əməkdaşlıq edir və Azərbaycanla inteqrasiya
xüsusi prioritetdir. Üstəlik, ölkələrimiz nəqliyyat sahəsində
rəqəmsal həllərin inteqrasiyası üzrə artıq təcrübəyə malikdir. Bu,
möhkəm institusional baza yaradır. Əminik ki, yolu gedən qət edir.
Buna görə də qarşıda birlikdə görəcəyimiz hələ çox işlər var”, –
deyə A.Nusupov vurğulayıb.

