
Bakı. Trend:
Qazaxıstan ticarət və nəqliyyat-logistika sahəsində süni
intellekt əsaslı həllərin Azərbaycanla birgə hazırlanması üçün
əhəmiyyətli potensial görür.
Bu barədə Trend-ə
Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirinin müavini Aset Nusupov
bildirib.
“Bu istiqaməti ikitərəfli əməkdaşlığın ən perspektivli
sahələrindən biri hesab edirik. Qazaxıstan və Azərbaycan rəqəmsal
ekosistemləri oxşar istiqamətlərdə inkişaf edən iki dövlətdir. Eyni
zamanda, Orta Dəhliz vasitəsilə iki ölkə arasında formalaşmış
qarşılıqlı logistika əlaqələri süni intellekt əsaslı birgə həllərin
yaradılması üçün unikal zəmin yaradır”, – deyə A.Nusupov
bildirib.
O qeyd edib ki, əməkdaşlığın potensial istiqamətlərindən biri
Qazaxıstan Dəmir Yolları (KTJ) ilə Ələt qəsəbəsində yerləşən Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı arasında yük axınlarının prediktiv
idarə olunması üçün süni intellektdən istifadədir.
Onun sözlərinə görə, bu cür həllər qatar hərəkəti cədvəllərinin
optimallaşdırılmasına, dayanma müddətinin minimuma endirilməsinə və
nəqliyyat-logistika şirkətləri üçün risklərin azaldılmasına imkan
verəcək.
Bundan əlavə, perspektivli istiqamətlərdən biri də iki ölkənin
ticarət siyasətinin əlaqələndirilməsi məqsədilə əsas məhsul
qrupları üzrə qiymət dinamikasını izləməyə imkan verəcək vahid
qiymət monitorinqi platformasının yaradılmasıdır.
A.Nusupov həmçinin multimodal daşımalar zamanı sənədlərin emalı
üçün süni intellekt agentlərinin tətbiqi potensialını qeyd edib.
Bu, Qazaxıstan və Azərbaycanın müxtəlif informasiya sistemlərindəki
məlumatların avtomatik uyğunlaşdırılmasını, eləcə də transsərhəd
ticarətdə risklərin qiymətləndirilməsi üçün süni intellekt
alətlərinin birgə hazırlanmasını əhatə edir.

