
Bakı.Trend:
Qəhvənin istehlakı uzun illərdir ki, Alzheimer və Parkinson
xəstəlikləri, 2-ci tip şəkərli diabet, eləcə də bir sıra onkoloji
xəstəliklərin riskinin azalması ilə əlaqələndirilir. Müşahidə
xarakterli tədqiqatlar bu əlaqəni onilliklərdir təsdiqləsə də, onun
dəqiq molekulyar mexanizmi indiyədək tam aydın deyildi.
Texasın “A&M” Universitetinin alimlərinin apardığı və
“Nutrients” jurnalında dərc olunan yeni araşdırma bu suala mümkün
izahlardan birini təqdim edib.
Professor Stiven Seyfin rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən
edib ki, qəhvənin tərkibindəki birləşmələr NR4A1 adlı nüvə
reseptorunu aktivləşdirir. Bu zülal stressə və toxuma zədələnməsinə
cavab verir, iltihabı azaldır və bərpa mexanizmlərini işə salır.
NR4A1 bloklandıqda isə zədələnmələr artır və sağalma prosesi
ləngiyir.
Araşdırmaya görə, ən güclü təsir göstərən maddələr kofein deyil,
polihidroksilli və polifenollu birləşmələr, xüsusilə də qəhvə
turşusudur. Bu maddə bir çox meyvə və tərəvəzin tərkibində də
mövcuddur. Kofein reseptora bağlansa da, hüceyrə modellərində onun
aktivliyini demək olar ki, dəyişmir. Bu da adi və kofeinsiz
qəhvənin faydaları arasında ciddi fərq aşkar etməyən geniş
epidemioloji tədqiqatların nəticələrini izah edir. Yəni qoruyucu
təsiri təmin edən əsas komponent kofein deyil, qəhvənin digər
maddələridir.

