Azərbaycan mediası qlobal informasiya məkanında mövqelərini daha da genişləndirəcək – Hikmət Hacıyev

Baş səhifə

Bakı. Trend:

Azərbaycan mediası qlobal informasiya məkanında əldə etdiyi
mövqeləri daha da genişləndirəcək, fəaliyyət prinsiplərinə sadiq
qalaraq cəmiyyətdə vətənpərvərliyin, milli həmrəyliyin
möhkəmlənməsi və milli maraqların müdafiəsinə töhfə verməyə davam
edəcək.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial
şəbəkəsində Milli Mətbuat Günü münasibətilə paylaşımında yazıb.

H.Hacıyev bildirib ki, bu gün Azərbaycan cəmiyyəti milli
mətbuatın növbəti ildönümünü qeyd edir.

Onun sözlərinə görə, 1875-ci il iyulun 22-də böyük maarifçi
Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan mətbuatının
inkişaf yolu əsl vətənpərvərliyin, dövlətçilik ideyalarına
sədaqətin və milli tərəqqi uğrunda yorulmaz mübarizənin bariz
nümunəsidir.

Prezidentin köməkçisi qeyd edib ki, 1990-cı illərin ortalarından
başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata
keçirilən media siyasəti ölkədə söz və məlumat azadlığının, fikir
plüralizminin təmin edilməsi ilə yanaşı, güclü və peşəkar medianın
formalaşması və inkişafı üçün etibarlı zəmin yaradıb.

O vurğulayıb ki, sonrakı dövrdə Ulu Öndər Heydər Əliyev
tərəfindən əsası qoyulmuş siyasətin uğurla davam etdirilməsi və bu
istiqamətdə həyata keçirilən ardıcıl islahatlar Azərbaycan
mediasının müasir çağırışlara uyğun inkişafını təmin edib, qlobal
informasiya məkanında təsir imkanlarını genişləndirib.

H.Hacıyev xatırladıb ki, 44 günlük Vətən müharibəsi dövründə
Azərbaycan mediası əsl vətənpərvərlik və həmrəylik nümunəsi ortaya
qoyaraq ölkənin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında,
Azərbaycana qarşı həyata keçirilən informasiya təxribatlarının ifşa
edilməsində mühüm rol oynayıb.




H.Hacıyev paylaşımda Prezident İlham Əliyevin Azərbaycan mediası
haqqında fikirlərinə də yer verib.

“Bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq
müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə
deyirəm… Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa
qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə,
ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar
əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir,
eyni zamanda, lazım gəldikdə hücuma da keçir”, – deyə o, Prezident
İlham Əliyevin fikirlərindən sitat gətirib.

H.Hacıyev qeyd edib ki, dünyada və regionda mürəkkəb proseslərin
getdiyi, müharibə və qarşıdurmaların davam etdiyi bir dövrdə
Azərbaycan təhlükəsizliyi və inkişaf dinamikası ilə seçilir,
müstəqil və prinsipial siyasətini, eyni zamanda güc mərkəzləri ilə
bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini daha da genişləndirir.

Onun sözlərinə görə, sevindirici haldır ki, Azərbaycan mediası
da öz fəaliyyətini mövcud reallıqlara uyğunlaşdırmağı bacarır,
qlobal informasiya məkanındakı müasir trendləri nəzərə alır,
qabaqcıl texnologiyaların tətbiqi, rəqəmsallaşma, süni intellekt və
digər inkişaf perspektivini müəyyənləşdirən vacib məsələlərin
həllində fəallığı ilə seçilir.

“Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi
mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət
prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətimizdə
vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli
maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək”, – deyə
H.Hacıyev vurğulayıb.

Sonda Prezidentin köməkçisi Azərbaycan mediasını və
jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, onlara
cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb.