
Bakı.Trend:
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi çərçivəsində hazırlanmış 3
kibertəhlükəsizlik məhsulu artıq bazarda fəaliyyət göstərir.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri İnnovasiya və
Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya təhlükəsizliyi
departamentinin müdiri Şahmar Hacıyahyayev Azərbaycan
Kibertəhlükəsizlik Mərkəzinin (AKM) Məzun Günündə çıxışı zamanı
deyib.
O bildirib ki, AKM-in fəaliyyəti yalnız kibertəhlükəsizlik
mütəxəssislərinin hazırlanması ilə məhdudlaşmır, eyni zamanda
ölkədə dayanıqlı kibertəhlükəsizlik ekosisteminin
formalaşdırılmasına yönəlib.
“AKM-in inşası olunan vaxt tədris hissəsi ilə başlasa da, biz
düşündük ki, kibertəhlükəsizlik ekosisteminin inkişafı sadəcə
tədrislə kifayətlənməyəcək. Buna görə də fəaliyyəti dörd istiqamət
üzrə – “CyberEdu”, “Brain Center”, “CyberPark” və “CyberCollab”
platformaları altında formalaşdırdıq”, – deyə o bildirib.
Ş.Hacıyahyayev qeyd edib ki, AKM-də hazırlanan
kibertəhlükəsizlik məhsulları artıq real sektorda tətbiq
olunur.
“AKM çərçivəsində tədqiq və inkişaf etdirilən məhsulların artıq
üçü əmək bazarında fəaliyyət göstərir. Digər məhsullar isə müxtəlif
dövlət və özəl qurumlarda sınaq mərhələsindədir. Düşünürük ki, ilin
sonuna qədər onlar da bazara çıxaraq real nəticələr verəcəklər”, –
deyə o vurğulayıb.
Onun sözlərinə görə, AKM tərəfindən yaradılan məhsullar
beynəlxalq səviyyədə də uğur qazanıb.
“Məhsullarımız təkcə ölkədə deyil, xaricdə də müxtəlif müsabiqə
və tədbirlərdə mükafatlara layiq görülüb. Bununla yanaşı, “Snyk”, “AI Security” və “OffSec” kimi beynəlxalq peşəkar icmaların
Azərbaycandakı fəaliyyətini formalaşdırmışıq”, – deyə departament
müdiri bildirib.
Ş.Hacıyahyayev qeyd edib ki, AKM-də məhsul hazırlanması prosesi
sənayenin ehtiyaclarından başlayır.
“Müxtəlif sahələrin ehtiyac duyduğu kibertəhlükəsizlik
problemlərini müəyyənləşdiririk, həmin mövzular üzrə hakatonlar
təşkil edirik və sonrakı mərhələdə ideyaların məhsula çevrilməsini
dəstəkləyirik”, – deyə o bildirib.
O vurğulayıb ki, AKM ali təhsil müəssisələri ilə əməkdaşlığı da
genişləndirir.
“”Brain Center” layihəsi çərçivəsində artıq 7 universitetdə 20
qrup üzrə tədris həyata keçirilir. Bununla yanaşı, 20-dən çox
vorkşop təşkil olunub, universitet laboratoriyalarının inkişafı,
sillabusların yenilənməsi və kiberklubların fəaliyyətinə dəstək
göstərilib”, – deyə Ş.Hacıyahyayev qeyd edib.
Departament müdiri bildirib ki, AKM-in təhsil proqramlarına
maraq yüksəkdir.
“Son üç ildə 17 mindən çox müraciət əsasında 420 fundamental
proqram məzunu hazırlanıb. Son dalğa istisna olmaqla, əvvəlki
məzunların məşğulluq göstəricisi təxminən 90 faiz təşkil edir.
Bundan əlavə, dövlət və özəl sektordan 160 mütəxəssis
ixtisasartırma proqramlarına cəlb olunub”, – deyə o vurğulayıb.
Ş.Hacıyahyayev əlavə edib ki, AKM ölkədə kibermaarifləndirmə
istiqamətində də geniş fəaliyyət göstərir.
“‘CyberCollab” istiqaməti çərçivəsində 53-dən çox dövlət və özəl
qurumun 7 mindən artıq əməkdaşı kibergigiyena və
kibermaarifləndirmə təlimlərinə cəlb olunub. Eyni zamanda, dövlət
qurumlarının və iri şirkətlərin rəhbər heyəti üçün də xüsusi
maarifləndirmə proqramları təşkil etmişik. Hesab edirik ki,
kibertəhlükəsizliyə investisiya ilk növbədə rəhbərlik səviyyəsindən
başlamalıdır”, – deyə o əlavə edib.

