
Bakı.Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal
İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” Texnologiya
İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik
Mərkəzinin sayca yeddinci “Məzun Günü” baş tutub. Bu tədris dalğası
üzrə 100 yeni kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, tədbirin açılışında
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin
sədri Fərid Osmanov, “Technion” Texnologiya İnstitutunun Davamlı
Təhsil Mərkəzinin direktoru Moti Yeger, həmçinin “PAŞA Holding”in
nümayəndəsi Tuğra Musayeva çıxış ediblər.
İRİA-nın İdarə heyətinin sədri Fərid Osmanov çıxışında bildirib
ki, kibertəhlükəsizlik rəqəmsal transformasiyanın ayrılmaz tərkib
hissəsidir və bu sahədə yüksəkixtisaslı insan kapitalının
hazırlanması dövlətin əsas prioritetlərindən biridir.
“Ölkə Prezidenti tərəfindən təsdiqlənmiş ‘Azərbaycan
Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair
2026–2028-ci illər üçün Fəaliyyət Planı’nda kibertəhlükəsizliyin
gücləndirilməsi və bu sahədə peşəkar insan kapitalının inkişafı
rəqəmsal transformasiyanın əsas istiqamətləri sırasında yer alır.
Rəqəmsal transformasiya sürətləndikcə kibertəhlükəsizlik ölkələrin
dayanıqlı inkişafı və milli təhlükəsizliyi üçün əsas
prioritetlərdən birinə çevrilir. Bu sahədə uğurun əsas şərti isə
güclü insan kapitalıdır. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi
yarandığı qısa müddət ərzində beynəlxalq standartlara uyğun
yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə
verib”.
Tədbir çərçivəsində məzunlardan ibarət komanda tərəfindən
hazırlanan yekun layihə təqdim edilib. Komanda üzvləri tədris
müddətində qazandıqları bilikləri real kibertəhlükəsizlik
problemlərinə tətbiq edərək hazırladıqları həlləri və əldə olunan
nəticələri nümayiş etdiriblər.
Qeyd edək ki, bu tədris dalğasında Mərkəz ilk dəfə olaraq xüsusi
imkan təqdim edib. Belə ki, proqramı uğurla başa vuranlar arasında
ən yüksək nəticə göstərən 5 məzun ölkə xaricində fəaliyyət göstərən
qabaqcıl şirkətlərdə 1 aylıq təcrübə proqramında iştirak şansı
qazanaraq öz bacarıqlarını real iş mühitində sınayacaq. Tədbir
zamanı həmin tələbələr xüsusi olaraq təltif olunublar.
Sonda 100 məzuna rəsmi qonaqlar tərəfindən məzun sertifikatları
təqdim edilib.
Tədbirin yekununda baş tutan “Karyera sərgisi” çərçivəsində
iştirakçılar müxtəlif şirkət və qurumların insan resursları
nümayəndələri ilə görüşərək karyera imkanları, təcrübə və iş
proqramları və peşəkar inkişaf perspektivləri ətrafında müzakirələr
aparıb, şəbəkələşmə imkanı əldə ediblər.
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təhsil alan tələbələr
beynəlxalq mütəxəssislər tərəfindən Red Team (hücum), Blue Team
(müdafiə) və Purple Team təlimləri keçərək kibertəhlükəsizlik
sahəsində ən qabaqcıl metodologiyalar, strategiyalar və
texnologiyalar üzrə praktiki biliklər əldə ediblər. İndiyədək
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən 420 nəfər məzun olub,
hazırda 8-ci tədris dalğası üzrə 60 tələbə təhsilini davam etdirir.
Məzunların işə qəbul faizi 90% təşkil edir ki, onlar həm dövlət
qurumları, həm də qabaqcıl yerli və beynəlxalq şirkətlərdə
fəaliyyət göstərirlər.

