
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 261,7 min ton ağ neft
istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında
bildirilib.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 76,1 min ton və ya 22,5% azdır.
Bu ilin iyulun 1-i vəziyyətinə ölkədə hazır ağ neft ehtiyatı
21,6 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının
istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,903 milyard manat
olmaqla, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 5,7 faiz
azalıb.
“Oliver Wyman” beynəlxalq konsaltinq şirkətinin Azərbaycan və
Mərkəzi Avrasiya üzrə rəhbəri Camal İsmayılov Trend-ə özəl
müsahibəsində bildirib ki, Azərbaycanın iqtisadi inkişafının
növbəti mərhələsində əsas prioritetlərdən biri enerji resurslarının
daha dərin emalı və yüksək əlavə dəyərli məhsulların istehsalı
olmalıdır.
“Ən perspektivli istiqamətlərdən biri ənənəvi neft emalı deyil,
dərin emal olunan neft-kimya məhsulları və yüksək əlavə dəyərə
malik, texnoloji cəhətdən inkişaf etmiş neft-kimya məhsullarının
istehsalıdır”, – deyə o vurğulayıb.
Camal İsmayılovun sözlərinə görə, Azərbaycan karbohidrogen
sektorundan maksimum iqtisadi səmərə əldə etmək üçün xammal
istehsalından daha yüksək əlavə dəyər yaradan emal sahələrinə
keçidi sürətləndirməlidir. “Azərbaycanın iqtisadiyyatı daha sürətli
artım və hətta növbəti on ildə ÜDM-in ikiqat artırılması üçün bütün
zəruri resurslara malikdir. Lakin bunun üçün ilk növbədə yüksək
marjalı, miqyaslana bilən və ixracyönümlü fəaliyyətlərə, xüsusilə
xidmət sektoruna və enerji resurslarının dərin emalı sahələrinə
qətiyyətli keçid zəruridir”, – deyə o Trend-ə bildirib.

