
Sovet dövründə KQB ilə əməkdaşlıq etmiş şəxslərlə bağlı arxivlərin artıq açıqlanması mümkündür.
Modern.az xəbər verir ki, bunu Media Türk TV-də yayımlanan verilişdə Azərbaycanın keçmiş milli təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbər deyib.
O bildirib ki, SSRİ dövründə KQB cəmiyyət üzərində total nəzarət sistemi qurmuşdu və bu sistem bütün sosial qrupları əhatə edirdi.
“Total nəzarət var idi. Cinsi azlıqlardan tutmuş siyasətçilərə, ictimai xadimlərə, Elmlər Akademiyasına, incəsənət və mədəniyyət nümayəndələrinə, idmançılara qədər müxtəlif sahələrdə perspektivli şəxslər məxfi əməkdaşlığa cəlb olunurdu”, – deyə o vurğulayıb.
Sülhəddin Əkbərin sözlərinə görə, SSRİ-nin maraqlarına zidd hesab edilən istənilən prosesə qarşı xüsusi xidmət orqanlarının fəaliyyəti dörd mərhələdən ibarət idi: əvvəlcə həmin prosesin qarşısını almaq, bu mümkün olmadıqda sahəyə agentura yerləşdirmək, daha sonra həmin agenturanı rəhbərliyə gətirmək və sonda prosesi ya imperiyanın maraqlarına uyğun idarə etmək, ya da dağıtmaq.
Keçmiş nazir müavini bildirib ki, bu yanaşma keçmiş sovet məkanında baş verən bir çox ictimai-siyasi proseslərin təhlili üçün istifadə oluna bilər.
Verilişdə KQB arxivlərinin niyə uzun illər açılmaması ilə bağlı suala cavab verən Sülhəddin Əkbər deyib ki, müstəqilliyin ilk illərində həmin arxivlər hətta Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi üçün də qapalı olub.
“Milli Təhlükəsizlik Nazirliyinin nə naziri, nə də mən – birinci müavin kimi arxivlərə çıxış əldə etmişik. Mən arxiv görməmişəm. Lazım olan məlumatları başqa üsul və metodlarla toplamağa çalışmışıq”, – o qeyd edib.
Onun sözlərinə görə, həmin dövrdə arxivlərin açılması üçün əvvəlcə hüquqi baza formalaşdırılmalı idi. Bu məqsədlə dövlət sirri haqqında qanunun, Milli Təhlükəsizlik Nazirliyinin yeni əsasnaməsinin və arxivlərin açılması qaydalarının qəbul edilməsinin vacib olduğu düşünülürdü.
Sülhəddin Əkbər bildirib ki, müstəqilliyin ilk illərində davam edən müharibə, xüsusi xidmət orqanlarında aparılan genişmiqyaslı kadr islahatları və yeni agentura şəbəkəsinin formalaşdırılması şəraitində arxivlərin açılması əməliyyat fəaliyyətinə ciddi zərər vura bilərdi.
“Bir agenti məxfi əməkdaşlığa cəlb etmək üçün onun ən azı bir il öyrənilməsi tələb olunur. Arxivlərin vaxtından əvvəl açılması mövcud agentura şəbəkəsinin ifşasına və xüsusi xidmət orqanlarının fəaliyyətinin zəifləməsinə səbəb ola bilərdi”, – deyə o bildirib.
Sülhəddin Əkbər hesab edir ki, hazırkı mərhələdə vəziyyət fərqlidir və sovet dövründə KQB ilə əməkdaşlıq etmiş şəxslərlə bağlı arxivlərin açıqlanması artıq Azərbaycanın milli təhlükəsizlik maraqlarına ciddi təhlükə yaratmır.
“Artıq Azərbaycan müstəqilliyini bərpa edəndən uzun illər keçib, yeni agentura şəbəkəsi formalaşıb, islahatlar aparılıb. Mən düşünürəm ki, sovet dövründə KQB ilə əməkdaşlıq edən şəxslərlə bağlı arxiv artıq açıla bilər”, – deyə o əlavə edib.

