Azərbaycanda islam bankçılığı bazarının genişlənməsi gözlənilir – AMB-nin baş direktoru Şahin Mahmudzadə (MÜSAHİBƏ)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda müvafiq qanunvericilik dəyişikliklərinin qüvvəyə
minməsi ilə həm islam bankçılığı məhsulları təqdim edən bankların,
həm də təqdim edilən məhsul çeşidinin sayının artması
gözlənilir.

Bunu Trend
müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin
Mahmudzadə deyib.

O, müsahibəsində əvvəlcə Bakıda keçirilən İslam İnkişaf Bankı
Qrupunun 2026-cı il İllik Toplantısının nəticələrindən, eləcə də bu
tədbirin Azərbaycanın maliyyə sektoru, xüsusilə də islam
maliyyəsinin inkişafı baxımından əsas töhfələrindən bəhs edib:

“İslam İnkişaf Bankı Qrupunun illik görüşləri üzv ölkələr
arasında dialoq və tərəfdaşlıqların qurulması, eyni zamanda bilik
mübadiləsi üçün mühüm platforma rolunu oynayır. Bu il ölkəmizdə
keçirilən toplantı çərçivəsində imzalanmış sazişlər tədbirin həm
İİB regionu, həm də ölkə iqtisadiyyatı üçün mühüm iqtisadi və
strateji əhəmiyyətə malik olduğunu nümayiş etdirdi.

Maliyyə sektorunun inkişafı baxımından da forumun təsiri yüksək
oldu. Hesab edirik ki, tədbir beynəlxalq maliyyə institutları ilə
əməkdaşlığın möhkəmləndirilməsinə, yeni tərəfdaşlıqların
qurulmasına və Azərbaycanın regional maliyyə mərkəzi kimi
tanınmasına mühüm töhfə verdi. Xüsusilə islam maliyyəsi sahəsində
institusional əməkdaşlığın intensivləşməsi və islam maliyyəsi
ekosisteminin qurulması baxımından bu toplantı əhəmiyyətli təkan
oldu”.

Xatırladaq ki, İİB Qrupunun İllik Toplantısı çərçivəsində ümumi
dəyəri 6 milyard ABŞ dolları olan sazişlər imzalanıb. Baş direktor
bu sazişlərin region üçün əhəmiyyətindən və Azərbaycanla bağlı
imzalanan sənədlərin ölkənin maliyyə bazarının inkişafına
təsirlərindən də danışıb. Ş. Mahmudzadə bildirib ki, toplantı
çərçivəsində digər ölkələr və regional institutlarla imzalanmış
sazişlər əsasən üzv ölkələrdə enerji təhlükəsizliyi, qida
sistemləri və sosial layihələrin maliyyələşdirilməsinə yönəlib: “Bu
sənədlər həmin ölkələrin sosial-iqtisadi inkişafını və İİB
regionunda iqtisadi əməkdaşlığın güclənməsini dəstəkləyir.

Qeyd edək ki, toplantı çərçivəsində Qarabağ Suvarma Kanalının
yenidən qurulması üçün təxminən 436,7 milyon ABŞ dolları həcmində
maliyyələşdirmə sazişi imzalanıb. Bu sənəd ölkənin müvafiq iqtisadi
sektoruna təsiri baxımından xüsusi əhəmiyyət daşıyır.

İmzalanan sənədlərin maliyyə sektoruna təsiri isə maliyyə
bazarlarının dərinləşməsindən daha çox uzunmüddətli inkişaf
maliyyəsinin əlçatanlığının artması və iri infrastruktur
layihələrinin maliyyələşdirilməsi imkanlarının güclənməsi ilə
bağlıdır”.

Ş. Mahmudzadə eyni zamanda Azərbaycan Mərkəzi Bankının islam
maliyyəsinin inkişafı istiqamətində həyata keçirdiyi
normativ-hüquqi və institusional tədbirlərlə bağlı da fikirlərini
bölüşüb. Bununla yanaşı, 2026-cı ildən islam bankçılığı
məhsullarının tətbiqinə başlanılması ilə bağlı hazırlıq işlərinin
hansı mərhələdə olması və ilk mərhələdə hansı məhsulların bazara
çıxarılmasından da bəhs edib.

“İslam bankçılığının tətbiqi məqsədilə Mülki Məcəlləyə, Vergi
Məcəlləsinə, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları
haqqında”, “Dövlət rüsumu haqqında”, “Kredit Büroları haqqında” və
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan
Respublikasının qanunlarına dəyişikliklər layihəsi hazırlanmış və
aidiyyəti dövlət qurumlarına təqdim edilib.

Dəyişikliklər layihəsi beynəlxalq təcrübə nəzərə alınmaqla
hazırlanmış və yerli qanunvericiliyə uyğunlaşdırılıb. Məqsəd
beynəlxalq standartları yerli hüquqi mühitlə uzlaşdırılmış və
dayanıqlı şəkildə tətbiq etməkdir. Yaxın perspektivdə islam
bankçılığının tətbiqi “islam pəncərələri” modeli çərçivəsində
nəzərdə tutulur.

Qeyd edək ki, islam bankçılığına dair qanunvericilik aktlarına
dəyişikliklər qüvvəyə mindikdən sonra “islam pəncərəsi” modeli
çərçivəsində banklar tərəfindən aşağıdakı məhsulların təqdim
edilməsi nəzərdə tutulur:

İstehsal və ya tikinti üçün sifariş əsaslı müqavilə növü —
İstisna;

Satış əsaslı, yəni alqı-satqı maliyyələşməsi növü —
Murabaha;

İcarə əsaslı maliyyələşmə növü — İjara. Bu məhsul ənənəvi
bankçılıq fəaliyyətində maliyyə lizinqinin analoqu hesab
olunur;




Bankla müştəri arasında mənfəət və zərərin bölüşdürülməsinə
əsaslanan maliyyələşmə və əmanət növü — Mudaraba;

Tələbli depozitə bənzər əmanət əsaslı məhsul — Vadiə.

Bank olmayan kredit təşkilatları tərəfindən isə yalnız İstisna,
Murabaha və İjara məhsullarının təqdim edilməsi nəzərdə
tutulur.

Eyni zamanda hazırda Mərkəzi Bankın nəzarəti altında Xüsusi
Tənzimləmə Rejimi çərçivəsində iki kommersiya bankı islam maliyyə
məhsullarını sınaqdan keçirir. Azərbaycan Beynəlxalq Bankı ASC
rəsmi hüquqi reyestrlərdə qeydə alınmış daşınar və daşınmaz əmlakın
maliyyələşdirilməsi üçün Murabaha məhsulunu, Rabitəbank ASC isə həm
Mudaraba, həm də Murabaha məhsullarını sınaqdan keçirir.
Məhsulların sınaq müddəti 2 fevral 2027-ci il tarixinədəkdir”, –
deyə baş direktor bildirib.

Mərkəzi Bank rəsmisi müsahibəsində Azərbaycanda fəaliyyət
göstərən bankların islam bankçılığı məhsullarının tətbiqinə marağı
ilə bağlı suala cavabında bildirib ki, hazırda banklar tərəfindən
islam bankçılığı məhsullarına müəyyən maraq var: “Qeyd etdiyimiz
kimi, hazırda iki bank Xüsusi Tənzimləmə Rejimi çərçivəsində
müştərilərə islam bankçılığı məhsulları təqdim edir.

Bu məhsulların pilot rejim çərçivəsində təqdim edilməsi əhalinin
islam bankçılığına marağını ölçməklə yanaşı, bankların gələcəkdə
islam bankçılığını daha geniş miqyasda tətbiq etməsi üçün
institusional baza yaradır.

Növbəti mərhələdə qanunvericilik dəyişikliklərinin qüvvəyə
minməsi ilə həm islam bankçılığı məhsulları təqdim edən bankların,
həm də təqdim edilən məhsul çeşidinin sayının artması gözlənilir”
.

Müvafiq hesabata əsasən, baza ssenarisi üzrə 2035-ci ilədək
Azərbaycanda islam bankçılığı aktivlərinin 2,7 milyard ABŞ
dollarına, optimist ssenari üzrə isə 3,6 milyard ABŞ dollarına
çatacağı proqnozlaşdırılır. Ş. Mahmudzadə bu hədəflərə nail olmaq
üçün hansı əsas şərtlərin yerinə yetirilməli olduğundan, həmçinin
Mərkəzi Bankın bu prosesdə rolundan danışıb.

“İslam İnkişaf Bankı İnstitutu və Beynəlxalq İslam Ticarətinin
Maliyyələşdirilməsi Korporasiyasının hesabatında qeyd edilmiş
hədəflərə nail olmaq üçün ilk növbədə müvafiq ekosistem
qurulmalıdır.

Bu istiqamətdə Mərkəzi Bank tərəfindən öz mandatına uyğun olaraq
tənzimləyici və nəzarət funksiyalarının yerinə yetirilməsi, maliyyə
sabitliyinin monitorinqi və zəruri hallarda müvafiq tənzimləyici
müdaxilələrin həyata keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda bazar iştirakçılarının və istehlakçıların maliyyə
savadlılığının artırılması istiqamətində tədbirlərin həyata
keçirilməsi də bu prosesdə mühüm rol oynayacaq”, – AMB rəsmisi
vurğulayıb.

Baş direktor Şahin Mahmudzadə sonda qeyd edib ki, Azərbaycanda
islam maliyyəsinin inkişafı və yeni islam maliyyəsi məhsullarının
yaranması maliyyə sektorunun şaxələndirilməsinə töhfə verə
bilər:

“Bu, əsasən Körfəz ölkələrindən maliyyə vəsaitlərinin cəlb
edilməsi, dini etiqadları səbəbindən ənənəvi maliyyələşmə
məhsullarından istifadə etməyən əhali və biznes subyektlərinin
maliyyə sektoruna inteqrasiyası baxımından yeni imkanlar
yaradır.

Eyni zamanda islam maliyyəsinin inkişafı maliyyə bazarı
iştirakçılarının dairəsinin genişlənməsinə, maliyyə inklüzivliyinin
artmasına və real sektorun maliyyələşdirilməsinin güclənməsinə
xidmət edə bilər. Nəzərə almaq lazımdır ki, islam maliyyə
məhsulları aktiv əsaslı xarakter daşıdığı üçün bu model real
sektorla maliyyə sektoru arasında əlaqənin daha da möhkəmlənməsinə
imkan yaradır.

Bu baxımdan islam maliyyəsinin inkişafı Azərbaycanın regional
islam maliyyəsi mərkəzinə çevrilməsi perspektivlərini də gücləndirə
bilər”.