BOKT-lar yalnız üç islam maliyyəsi məhsulu təqdim edəcək – AMB (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən
yalnız İstisna, Murabaha və İjara məhsullarının təqdim edilməsi
nəzərdə tutulur.

Bunu Trend
müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin
Mahmudzadə deyib.

Baş direktor Azərbaycan Mərkəzi Bankının islam maliyyəsinin
inkişafı istiqamətində həyata keçirdiyi normativ-hüquqi və
institusional tədbirlərlə bağlı fikirlərini bölüşüb. Bununla
yanaşı, 2026-cı ildən islam bankçılığı məhsullarının tətbiqinə
başlanılması ilə bağlı hazırlıq işlərinin hansı mərhələdə olması və
ilk mərhələdə hansı məhsulların bazara çıxarılmasından da bəhs
edib.

“İslam bankçılığının tətbiqi məqsədilə Mülki Məcəlləyə, Vergi
Məcəlləsinə, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları
haqqında”, “Dövlət rüsumu haqqında”, “Kredit Büroları haqqında” və
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan
Respublikasının qanunlarına dəyişikliklər layihəsi hazırlanmış və
aidiyyəti dövlət qurumlarına təqdim edilib.

Dəyişikliklər layihəsi beynəlxalq təcrübə nəzərə alınmaqla
hazırlanmış və yerli qanunvericiliyə uyğunlaşdırılmışdır. Məqsəd
beynəlxalq standartları yerli hüquqi mühitlə uzlaşdırılmış və
dayanıqlı şəkildə tətbiq etməkdir. Yaxın perspektivdə islam
bankçılığının tətbiqi “islam pəncərələri” modeli çərçivəsində
nəzərdə tutulur.

Qeyd edək ki, islam bankçılığına dair qanunvericilik aktlarına
dəyişikliklər qüvvəyə mindikdən sonra “islam pəncərəsi” modeli
çərçivəsində banklar tərəfindən aşağıdakı məhsulların təqdim
edilməsi nəzərdə tutulur:

İstehsal və ya tikinti üçün sifariş əsaslı müqavilə növü —
İstisna;




Satış əsaslı, yəni alqı-satqı maliyyələşməsi növü —
Murabaha;

İcarə əsaslı maliyyələşmə növü — İjara. Bu məhsul ənənəvi
bankçılıq fəaliyyətində maliyyə lizinqinin analoqu hesab
olunur;

Bankla müştəri arasında mənfəət və zərərin bölüşdürülməsinə
əsaslanan maliyyələşmə və əmanət növü — Mudaraba;

Tələbli depozitə bənzər əmanət əsaslı məhsul — Vadiə.

Bank olmayan kredit təşkilatları tərəfindən isə yalnız İstisna,
Murabaha və İjara məhsullarının təqdim edilməsi nəzərdə
tutulur.

Eyni zamanda hazırda Mərkəzi Bankın nəzarəti altında Xüsusi
Tənzimləmə Rejimi çərçivəsində iki kommersiya bankı islam maliyyə
məhsullarını sınaqdan keçirir. Azərbaycan Beynəlxalq Bankı ASC
rəsmi hüquqi reyestrlərdə qeydə alınmış daşınar və daşınmaz əmlakın
maliyyələşdirilməsi üçün Murabaha məhsulunu, Rabitəbank ASC isə həm
Mudaraba, həm də Murabaha məhsullarını sınaqdan keçirir.
Məhsulların sınaq müddəti 2 fevral 2027-ci il tarixinədəkdir”, –
deyə baş direktor bildirib.