DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub (VİDEO/FOTO)

Baş səhifə

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına
Akademiyasında (Akademiya) məzunların növbəti buraxılışına həsr
olunmuş təntənəli mərasim keçirilib.

Bu barədə məlumat Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi
internet saytında dərc olunub.

Bildirilib ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli
Nağıyev, xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının
veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və
onların valideynləri iştirak ediblər.

Əvvəlcə ömrünün 25 ilini xüsusi xidmət orqanlarına həsr etmiş
Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ulu Öndər
Heydər Əliyevin Akademiyanın ərazisindəki abidəsi önünə gül
dəstələri düzülərək dahi şəxsiyyətin və ölkəmizin ərazi bütövlüyü
uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri dərin
ehtiramla yad olunub, Dövlət Himni səsləndirilib.

Məzunlara diplomlar təqdim olunduqdan sonra general-polkovnik
Əli Nağıyev gənc zabitləri təbrik edərək, Akademiyanın böyük
inkişaf yolu keçdiyini və burada yüksəkixtisaslı kadr hazırlığı
üçün hərtərəfli şəraitin yaradıldığını diqqətə çatdırıb.
Kursantların seçdikləri peşənin sirlərinə dərindən yiyələnmələrinin
vacibliyini bildirən Xidmət rəisi Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
rəhbərliyi və birbaşa dəstəyi sayəsində ölkəmizdə müasir
çağırışlara cavab verən xüsusi xidmət orqanlarının formalaşdığını
qeyd edib.

DTX rəisi dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslər
fonunda ölkəmizdə sabitliyin etibarlı şəkildə qorunduğunu
vurğulayaraq milli təhlükəsizliyin təmin olunması istiqamətində
bundan sonra da bütün qüvvə və vasitələrin səfərbər ediləcəyini
açıqlayıb. General-polkovnik Əli Nağıyev gənc zabitlərin Ümummilli
Liderin adını daşıyan Akademiyanın məzunları kimi gələcək
fəaliyyətlərində unudulmaz şəxsiyyətin vətənpərvərlik irsini
layiqincə yaşadacaqlarına əminliyini ifadə edib.

Təntənəli mərasim xatirə fotoşəklinin çəkilməsi ilə başa
çatıb.