
Bakı.Trend:
Azərbaycanın Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu
arasında inflyasiya və pul-kredit siyasətinin prioritetlərinin
müzakirəsi aparılıb.
AMB-nin məlumatına əsasən, bankın baş direktoru Vüqar Əhmədov
ölkədə səfərdə olan BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri
Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Görüşdə qlobal iqtisadiyyatda və maliyyə bazarlarında gedən
proseslərin ölkə iqtisadiyyatına, makroiqtisadi və maliyyə
sabitliyinə təsirləri, eləcə də iqtisadiyyatın inkişaf meyilləri və
inflyasiya proqnozları müzakirə olunub. Bundan əlavə, pul
siyasətinin ötürücülüyünün təkmilləşdirilməsi və banklararası
bazarın inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər,
həmçinin cari il və ortamüddətli dövrdə pul siyasəti və maliyyə
sabitliyi siyasətinin əsas prioritetləri barədə fikir mübadiləsi
aparılıb”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, BVF-nin may ayında dərc etdiyi hesabata əsasən,
2026-cı ildə Azərbaycan iqtisadiyyatının 2,2 faiz artacağı,
2027–2031-ci illərdə isə iqtisadi artımın hər il 2,5 faiz
səviyyəsində sabitləşəcəyi proqnozlaşdırılır.
Hesabatda vurğulanır ki, ölkənin neft-qaz hasilatı və emalını
əhatə edən neft sektoru 2026-cı ildə 2 faiz azalacaq. Fondun
qiymətləndirməsinə görə, sonrakı dövrdə azalma tempi 2027–2031-ci
illərdə hər il 0,5 faizə qədər zəifləyəcək.
Eyni zamanda, BVF 2026-cı ildə qeyri-neft ÜDM-in 3,7 faiz,
2027-ci ildə isə 3,8 faiz artacağını, 2028–2031-ci illərdə isə
artımın hər il 3,5 faiz səviyyəsində sabitləşəcəyini
proqnozlaşdırır.
BVF yaxın illərdə Azərbaycanın nominal ÜDM-inin davamlı
artacağını da gözləyir. Proqnozlara əsasən, nominal ÜDM 2026-cı
ildə 78,372 milyard ABŞ dolları, 2027-ci ildə 83,060 milyard ABŞ
dolları, 2028-ci ildə 88,175 milyard ABŞ dolları, 2029-cu ildə
93,718 milyard ABŞ dolları, 2030-cu ildə 99,600 milyard ABŞ dolları
təşkil edəcək, 2031-ci ildə isə 105,923 milyard ABŞ dollarına
çatacaq.

