
Bakı.Trend:
Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi
səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından
mühüm əhəmiyyət daşıyır.
Bu sözləri Milli Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, səfər çərçivəsində Prezident İlham Əliyevlə
keçirilən görüşlər və aparılan müzakirələr Azərbaycan-Slovakiya
əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir:
“Hesab edirəm ki, səfər siyasi dialoqun daha da dərinləşməsinə,
iqtisadi-ticari əlaqələrin genişlənməsinə, enerji, nəqliyyat,
investisiya, sənaye və digər sahələrdə qarşılıqlı faydalı
əməkdaşlığın inkişafına yeni impuls verəcək. Bu baxımdan səfər iki
ölkə arasında münasibətlərin perspektivləri üçün olduqca mühüm
əhəmiyyət kəsb edir.
Səfərin ən diqqətçəkən məqamlarından biri Slovakiya Prezidentinin
işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşa şəhərinə səfəri
oldu. Bu səfər təkcə protokol xarakteri daşımır, həm də mühüm
siyasi və rəmzi məna ifadə edir. Avropa İttifaqına üzv olan bir
dövlətin Prezidentinin Qarabağa səfər etməsi, Prezident İlham
Əliyevlə birlikdə məhz Şuşada mətbuata bəyanatla çıxış etməsi
Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərilən hörmətin
növbəti təzahürüdür”.
Deputat qeyd edib ki, bu gün Qarabağ beynəlxalq görüşlərin və
yüksəksəviyyəli diplomatik təmasların keçirildiyi məkana
çevrilib:
“Bu isə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu
xarici siyasətin, eləcə də Azərbaycanın yaratdığı yeni regional
reallıqların beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir.
Vaxtilə işğal altında olmuş torpaqlarımızda xarici dövlət
başçılarının səfərlərinin təşkili, burada mühüm siyasi mesajların
verilməsi Azərbaycanın qazandığı tarixi Zəfərin diplomatik
müstəvidə də öz təsdiqini tapdığını nümayiş etdirir.
Eyni zamanda, Şuşada keçirilən görüş zamanı əməkdaşlığın
müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi, xüsusilə Qarabağın
bərpası və yenidən qurulması prosesində Slovakiya şirkətlərinin
iştirak perspektivlərinin müzakirə olunması da xüsusi əhəmiyyət
daşıyır. Bu, Azərbaycanın azad edilmiş ərazilərində həyata
keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə beynəlxalq
marağın artdığını və ölkəmizin etibarlı tərəfdaş kimi qəbul
edildiyini bir daha təsdiqləyir.
Şübhəsiz ki, Slovakiya Prezidentinin Azərbaycana və Qarabağa
səfəri həm ikitərəfli münasibətlərin inkişafı, həm də Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü ilə bağlı beynəlxalq dəstəyin daha
da möhkəmlənməsi baxımından yadda qalan mühüm siyasi hadisə kimi
qiymətləndirilməlidir”.

