
Şuşa.Trend:
Müasir Azərbaycanın təcrübəsi buryat milli hərəkatı üçün xüsusi
maraq doğurur.
Trend-in tədbirdə
iştirak edən müxbiri xəbər verir ki, bunu Şuşada “Mədəni və Etnik
müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” mövzusunda
keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Müstəmləkəçiliyin müasir formaları: xalqlara faciə, köləlik və
iztirab gətirən hərəkətlər” mövzusunda panel müzakirəsinə Polşadan
videobağlantı ilə qoşulan “Buriyad Gürün” (“Buryat Hökuməti”)
hərəkatının təsisçisi Zurtan Xaltarov bildirib.
“Müasir Azərbaycanın təcrübəsi buryat milli hərəkatı üçün xüsusi
maraq doğurur. Azərbaycan tarixi yaddaşın qorunmasının, milli
kimliyin gücləndirilməsinin və dövlətin səmərəli fəaliyyətinin
təşkilinin bir-biri ilə əlaqəli proseslər olduğunu nümayiş etdirib.
Azərbaycan mədəniyyətin, dilin və tarixi yaddaşın millətin strateji
resursları kimi qəbul edildiyi davamlı dövlət inkişafı modeli
yaradıb. Buryat xalqı üçün bu təcrübə göstərir ki, mədəni dirçəliş
və institusional özünütəsdiq modernləşmə ilə ziddiyyət təşkil
etmir, əksinə, onlar qlobal siyasi və iqtisadi dəyişikliklər
fonunda milli kimliyin qorunmasını təmin edərək onun təməlinə
çevrilə bilər”,-deyə o bildirib.
Onun sözlərinə görə, buryatlar Sibirin ən böyük yerli müstəmləkə
xalqını təşkil edir.
“Biz Yeniseydən Amur çayına qədər uzanan torpaqlarda yaşayırıq.
Əsasən mədəni və folklor fəaliyyətlərinə diqqət yetirən, tarixi
yaddaş və kollektiv hüquqlarla bağlı vahid siyasi gündəm
formalaşdıra bilməyən bəzi saxta milli buryat təşkilatlarından
fərqli olaraq, müasir çərkəz hərəkatı daha yüksək beynəlxalq
səfərbərlik səviyyəsi nümayiş etdirir. Son onilliklərdə çərkəz
təşkilatları diasporlarını uğurla birləşdirib və çərkəz
soyqırımının tanınması məsələsini milli kimliklərinin və siyasi
proqramlarının mərkəzi elementinə çevirib”,-deyə o bildirib.
Qeyd edək ki, Şuşada “Mədəni və etnik müxtəliflik: tarixin
dərsləri, müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans
keçirilir.
Konfrans “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyi
tərəfindən “İpək Yolu” Mədəni-Tarixi Araşdırmalar İctimai Birliyi
ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.
Konfransda Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya,
Almaniya, İsrail, Türkiyə və Gürcüstandan nümayəndələr iştirak
edirlər.

