
Yay mövsümünün gəlişi və havaların kəskin isinməsi süfrələrimizin bəzəyi olan qarpıza tələbatı artırıb. Təəssüf ki, hər il olduğu kimi bu il də xəstəxanalardan gələn zəhərlənmə xəbərləri ciddi narahatlıq doğurur.
Bəs hər kəsin sevdiyi bu giləmeyvə necə olur ki, orqanizm üçün zəhərə çevrilir? İnsanlar qarpızdan niyə zəhərlənir?
Metbuat.az-ın əməkdaşı bu mövzunu araşdıranda məlum olub ki, qarpız zəhərlənmələrinin arxasında bir neçə əsas amil dayanır. Burada söhbət ilk növbədə kimyəvi maddələr və nitratlardan gedir. Ən böyük səbəb məhsulun vaxtından tez yetişdirilməsi və çəkisinin süni şəkildə artırılması üçün istifadə olunan aqrokimyəvi gübrələrdir. Həddindən artıq azotlu gübrə ilə bəslənən qarpızda nitratların miqdarı normanı dəfələrlə aşır.
Digər bir səbəb isə düzgün saxlanılmama və antisanitariya ila bağlıdır. Günəş şüalarının altında, asfaltın üzərində saatlarla qalan qarpızın daxilində qıcqırma və bakteriyaların çoxalma prosesi sürətlənir. Nəticədə magistral yolların kənarında satılan qarpızlar avtomobillərin buraxdığı ağır metalları və dəm qazını qabıq vasitəsilə özünə çəkir.
Mövzu ilə bağlı müxbirimizlə fikirlərini bölüşən tanınmış həkim Vaqif Cavidoğlu bildirib ki, zəhərlənmə hallarının artması həm istehsalçıların, həm də istehlakçıların bəzi qaydalara laqeyd yanaşmasından qaynaqlanır: “Klinikalara müraciət edən xəstələrin böyük qismində qarpız intoksikasiyası (zəhərlənməsi) müşahidə olunur. Nitratla zəngin olan qarpız orqanizmə daxil olduqda qan dövranına və həzm sisteminə ciddi zərbə vurur. Xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlılar bu riskə qarşı daha həssasdırlar. Lakin digər bir problem insanların gigiyena qaydalarına əməl etməməsidir”.
Həkim Vaqif Cavidoğlu zəhərlənmədən qorunmaq üçün konkret nələrə diqqət etməli olduğumuzu açıqlayıb: “Kəsilmiş və dilimlənmiş qarpız almayın. Küçədə, açıq havada kəsilən qarpızın üzərinə milçəklər qonur, toz düşür. Bu, infeksiya mənbəyidir. Həmçinin qarpız alarkən daxili damarlara baxmaq lazımdır. Əgər qarpızı kəsərkən içindəki liflər ağ deyil, tünd sarı rəngdədirsə, deməli, kimyəvi dərmandan çox istifadə olunub. Belə məhsulu yemək təhlükəlidir”.
Mütəxəssis vurğulayıb ki, qarpız kəsildikdən sonra mütləq soyuducuda saxlanılmalı və maksimum 24 saat ərzində istehlak edilməlidir. Otaq temperaturunda qalan kəsilmiş qarpız çox tez xarab olur.
“Qarpız yedikdən bir neçə saat sonra ürəkbulanma, qusma, kəskin baş ağrısı, temperatur və halsızlıq kimi simptomlar yaranarsa, vaxt itirmədən təcili tibbi yardıma müraciət etmək lazımdır. Özbaşına qəbul edilən dərmanlar fəsadı daha da dərinləşdirə bilər”, – həkim belə deyib.
Nazim Hüseynzadə / Metbuat.az

