Şuşada yekun Kommünike imzalandı

Baş səhifə

Bakı. Trend:

Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv
ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin
Birinci Görüşü başa çatıb.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, görüşün yekununda qurumlar
arasında əməkdaşlığın institusional əsaslarını və gələcək birgə
fəaliyyət istiqamətlərini özündə əks etdirən 11 bənddən ibarət
Kommünike imzalanıb.

Sənəddə Türk dövlətləri arasında dünyəvilik prinsipləri əsasında
dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, dini sahədə
təcrübə mübadiləsinin genişləndirilməsi, dini təhsil sahəsində
əməkdaşlığın gücləndirilməsi, gənclərin milli-mənəvi dəyərlər
ruhunda tərbiyəsi, ailə institutunun möhkəmləndirilməsində
qadınların rolunun artırılması, eləcə də rəqəmsal informasiya
mühitində dini maarifləndirmənin gücləndirilməsi ilə bağlı
müddəalar əksini tapıb.

Bununla yanaşı, Kommünikedə Azərbaycanın işğaldan azad olunmuş
ərazilərində tarixi, dini və mədəni irsin bərpasına dəstək ifadə
olunub. Sənəddə həmçinin türk coğrafiyasında məzhəblərarası
anlaşmanın və İslam həmrəyliyinin təşviqi, Türk-İslam mədəni
irsinin beynəlxalq səviyyədə təbliği, dini radikalizm, ekstremizm,
terrorizm, islamofobiya və digər destruktiv təzahürlərə qarşı birgə
mübarizənin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Kommünikedə tədbirin yüksək səviyyədə təşkilinə, yaradılan
şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə,
Azərbaycan hökumətinə, həmçinin görüşün əlaqələndirilməsinə verdiyi
töhfəyə görə Türk Dövlətləri Təşkilatının Katibliyinə minnətdarlıq
ifadə olunub.

Sonda növbəti görüşün 2027-ci ildə Qazaxıstan Respublikasında
keçirilməsi barədə qərar qəbul edilib.