Qanunsuz mərc oyunları təşkil edən cinayətkar dəstə ifşa edildi (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş
İdarəsi (KMBİ) tərəfindən ölkə ərazisində qanunsuz onlayn mərc
oyunları təşkil edən şəxslərə qarşı növbəti əməliyyat
keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat
verilib.

Məlumatda qeyd olunur ki, kiberpolisin həyata keçirdiyi
tədbirlərlə ölkə ərazisində fəaliyyəti qadağan olunmuş “1xBet”
platforması vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb
etməkdə təqsirli bilinən Camal Əhmədov, onun rəhbərliyi altında
fəaliyyət göstərən Hacıəkbər Abbaszadə, Seyfəddin İsmayılov, Nəbi
Abdullayev və Emil Abbaslı saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, C.Əhmədov Bakı şəhərinin Xətai
rayonu ərazisində mənzil icarəyə götürərək “1xBet” saytı üzərindən
“BakuCash” profili ilə qanunsuz onlayn mərc oyunları təşkil edib.
Bu qanunsuz fəaliyyətə isə müştərilər əsasən “Telegram” tətbiqi
vasitəsilə cəlb olunub. Qeyd edilən ünvana baxış zamanı qumar
oyunlarının təşkili və idarə olunmasında istifadə edilən çoxsaylı
mobil telefonlar, bank kartları və digər elektron sübutlar aşkar
edilərək götürülüb. İlkin araşdırmalarla dəstə üzvlərinin qanunsuz
dövriyyəsinin “1 milyon” manatdan artıq olduğu müəyyən edilib.




Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri
ilə cinayət işi başlanılıb. C.Əhmədov, S.İsmayılov, N.Abdullayev və
E.Abbaslı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq
barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.

Vətəndaşlara bir daha müraciət edərək onları sosial şəbəkələr və
müxtəlif internet platformaları vasitəsilə təklif olunan qanunsuz
mərc oyunlarında iştirak etməməyə çağırırıq. Belə platformalar
insanların maddi ziyana məruz qalmasına, və şəxsi məlumatlarının
ələ keçirilməsinə səbəb olur. Bu baxımdan, vətəndaşlara “1xBet” və
digər oxşar qanunsuz onlayn mərc saytlarından uzaq durmağı, belə
hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına məlumat verməyi
tövsiyə edirik.