İtkin düşmüş şəxslərin sayı ilə bağlı son statistika açıqlanıb

Baş səhifə

Bakı. Trend:

30 iyun 2026-cı il tarixə olan məlumata əsasən, Dövlət
Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
nəticəsində 4 010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata
alınıb.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi
Xidməti rəisinin müavini, general-leytenant Şərafət Həsənov İtkin
düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq
çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir
yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq
Konfransda çıxışı zamanı bildirib.

Şərafət Həsənovun sözlərinə görə, onlardan 4 004 nəfəri I
Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44
günlük II Qarabağ müharibəsində itkin düşüb:

“4 010 nəfərdən 3 228 nəfəri hərbçi, 782 nəfəri mülki
şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış
uşaq, 288 nəfəri qadın, 319 nəfəri qocadır.

Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin
Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında 2008-ci ildə
imzalanmış “İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların
toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması” üzrə
çərçivə sazişinə uyğun olaraq 2014-cü ildən etibarən itkin düşmüş
Azərbaycan vətəndaşlarının yaxın qohumlarından bioloji nümunələrin
toplanmasına başlanıb.

2023-cü ildən etibarən isə bioloji nümunələrin toplanması işi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə
Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində
yaradılmış Genetik araşdırmalar mərkəzi tərəfindən aparılır.

30.06.2026-cı il tarixə olan məlumata əsasən, Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə
bağlı 11 542 donordan bioloji nümunələr toplanıb sistemləşdirilib.
Toplanmış bioloji nümunələrin DNT profilləri Dövlət Təhlükəsizliyi
Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzi
tərəfindən çıxarılaraq arxivləşdirilir.




Azərbaycanın beynəlxalq hüquqla tanınan suveren ərazilərinin 30
ilə yaxın müddət ərzində işğal altında saxlanılması itkin düşmüş
vətəndaşlarımızın taleyinin aydınlaşmasına imkan verməyib.

2020-ci ildə baş vermiş 44 günlük müharibədən və 2023-cü ildə
həyata keçirilmiş antiterror tədbirlərindən sonra işğaldan azad
edilmiş ərazilərdə itkin vətəndaşlarımıza aid məzar yerlərinin
müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin
aparılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Dövlət Komissiyasının qarşısında qoyduğu ən ümdə vəzifədir.

Bu məqsədlə 2021-ci ilin fevral ayından etibarən həmin
ərazilərdə intensiv şəkildə itkin düşmüş şəxslərə aid məzar
yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit
qalıqlarının eyniləşdirilməsi prosesinə başlanılıb.
30.06.2026-cı il tarixə olan məlumata əsasən, 893 itkin düşmüş
şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb.

Xüsusilə qeyd etməliyəm ki, işğaldan azad olunmuş ərazilərdə
axtarış-qazıntı işlərinə başladığımız vaxtdan ötən dövr ərzində 32
kütləvi məzarlıq aşkarlanıb. Həmin kütləvi məzarlıqlardan 253 şəxsə
aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq
orqanları nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib.

30.06.2026-cı il tarixə olan məlumata əsasən, aşkarlanmış meyit
qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi
olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 327 nəfərin
şəxsiyyəti eyniləşdirilib. Onlardan 226 nəfərinə dair məlumatlar
ictimaiyyətə açıqlanaraq ailələrinə təhvil verilmiş,
qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn
ediliblər. Dəfn edilənlərdən 181 nəfəri hərbçi, 45 nəfəri isə mülki
şəxslərdir. Şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslərdən 14 nəfəri
qadın, 2 nəfəri isə azyaşlı olub”.

O, həmçinin Azərbaycan ictimaiyyətinin, xüsusən də intizarla
yaxınlarının yolunu gözləyən itkin ailələrinin diqqətinə çatdırıb
ki, yaxın günlərdə də şəxsiyyəti müəyyən edilmiş bir neçə
itkin-şəhidimizin nəşlərinin ailələrinə təhvil verilməsi həyata
keçiriləcək:

“Sözsüz ki, itkin düşmüş şəxslərin axtarışı və şəxsiyyətinin
müəyyən olunması sahəsində ixtisaslaşmış beynəlxalq təşkilat kimi
ICMP mühüm rola malikdir. Bu qurumla düşünülmüş, məqsədyönlü və
davamlı əməkdaşlığın itkin düşmüş vətəndaşlarımızın taleyinə
aydınlıq gətirilməsi sahəsində bizim üçün yeni imkanlar açacağına
ümid edirik”.