Azərbaycan və Türkiyə XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Baş səhifə

Bakı. Trend:

27 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri
Hakan Fidan arasında telefon danışığı aparılıb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik
münasibətlərindən irəli gələn məsələlər, iki ölkə arasında mövcud
olan strateji əməkdaşlığın gündəliyi, habelə beynəlxalq və regional
təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və əlaqələndirmə
məsələləri müzakirə olunub.

Nazirlər qardaş ölkələr arasında yüksək səviyyəli siyasi
dialoqun və qarşılıqlı dəstəyin ikitərəfli münasibətlərin əsasını
təşkil etdiyini vurğulayaraq, qarşılıqlı maraq doğuran bütün
istiqamətlər üzrə sıx əməkdaşlığın bundan sonra da davam
etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Telefon danışığı zamanı, həmçinin regionda mövcud təhlükəsizlik
vəziyyəti, postmünaqişə dövründə gedən proseslər, regional sülh və
sabitliyin təmin olunması istiqamətində atılan addımlar ətrafında
fikir mübadiləsi aparılıb.