
Hamburq. Trend:
Hamburqda “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) ilk Airbus
A321neo təyyarəsinin təhvil verilməsi mərasimində AerCap şirkətinin
Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionu üzrə baş
vitse-prezidenti və rəhbəri Con Qovan çıxış edib.
Trend-in xüsusi
müxbirinin məlumatına görə, o bildirib ki, AZAL-a ilk A321neo-nun
təhvil verilməsi şirkət üçün mühüm mərhələdir və bu, AerCap
tərəfindən aviaşirkətə təqdim ediləcək üç A321neo təyyarəsindən
birincisidir.
Qovan qeyd edib ki, AerCap bu inkişaf mərhələsində AZAL-ı
dəstəkləyən ilk lizinq şirkəti olmaqdan qürur duyur və bu
əməkdaşlıq aviaşirkətin modernizasiya və böyümə strategiyasına
sadiqliyini əks etdirir.
Onun sözlərinə görə, AerCap ilə AZAL arasında əməkdaşlıq 2024-cü
ildən başlayıb və proqram çərçivəsində ümumilikdə üç A321neo və üç
A320neo təyyarəsinin təhvil verilməsi nəzərdə tutulur. Artıq
A320neo təyyarələrinin bir hissəsi bu il əvvəlcə aviaşirkətə təqdim
olunub və qalan təyyarələrin yaxın aylarda təhvil verilməsi
planlaşdırılır.
Qovan vurğulayıb ki, yeni nəsil təyyarələr AZAL-ın əməliyyat
imkanlarını gücləndirəcək, marşrut şəbəkəsinin genişlənməsinə
şərait yaradacaq və sərnişinlər üçün daha yüksək komfort təmin
edəcək. Eyni zamanda, A321neo yüksək əməliyyat səmərəliliyi ilə
daha dayanıqlı aviasiya inkişafına töhfə verir.
O əlavə edib ki, AerCap AZAL ilə tərəfdaşlığı yüksək
qiymətləndirir və onun qlobal aviasiya bazarında mövqelərinin
güclənməsinə dəstəyini davam etdirəcək.

